BAKI, 29 oktyabr. TELEQRAF
ABŞ və İsrail İranla hərbi əməliyyatların yenidən başlanacağı təqdirdə ölkə rəhbərliyi ilə əlaqəli obyektlərə, nüvə və enerji infrastrukturuna zərbələr endirə bilər.
Teleqraf xəbər verir ki, bu barədə “Axios” portalı məlumatlı mənbələrə istinadən yazıb.
Mənbələrin bildirdiyinə görə, hərbi əməliyyatlar bərpa olunarsa, ABŞ bir həftə ərzində İran rəhbərliyi, nüvə proqramı, enerji sektoru və digər mühüm infrastrukturla əlaqəli obyektlərə intensiv hava zərbələri endirə bilər.
Nəşr qeyd edir ki, hazırda vasitəçi ölkələr Vaşinqton və Tehran arasında diplomatik razılaşmanın əldə olunmasına çalışırlar.
Bu çərçivədə İrana ABŞ sanksiyalarının yumşaldılması müqabilində Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) müfəttişlərinin nüvə obyektlərinə buraxılması təklif edilib.
Məlumata görə, Qətərin rəhbərliyi ilə aparılan vasitəçilik səylərinin əsas məqsədi ABŞ-də Konqresə aralıq seçkilərdən sonra İranla hərbi qarşıdurmanın yenidən başlanmasının qarşısını almaqdır.
Bununla belə, tərəflər arasında razılaşmanın əldə olunub-olunmayacağı hələlik məlum deyil.





