Almaniya Bundesliqasında çempionat tarixinin ən tez vurulan qol rekordu yenilənib.
Futbolpress.az xəbər verir ki, “Auqsburq”un yarımmüdafiəçisi Robin Fellhauer “Bavariya” ilə matçın startından cəmi 8 saniyə sonra fərqlənərək həmin nailiyyətə imza atıb.
Tarixi qol “Bavariya”nın təcrübəli qapıçısı Manuel Noyerin kobud xətası ilə nəticələnib. Geriyə edilən ötürmədən sonra topu lazımi səviyyədə idarə edə bilməyən və uzaqlaşdırmağa çalışan Noyerin zərbəsi tam qarşısında dayanan Fellhauerə dəyib. Fürsəti əldən verməyən yarımmüdafiəçi topu rahatlıqla boş qapıya göndərib.
Statistik “Opta” portalının məlumatına görə, Fellhauerin bu qolu Bundesliqa tarixinə ən sürətli qol kimi düşüb. Çempionatda bundan əvvəlki rekord 9 saniyə idi. Həmin nəticə 2014-cü ildə “Bayer”in heyətində fərqlənən Kərim Bellerabi və 2015-ci ildə “Hoffenhaym”ın şərəfini qoruyan Kevin Follanda məxsus idi.




