Türkiyə millisində baş məşqçi dəyişikliyi gündəmdədir və Montellanın yerinə Arda Turanın gətiriləcəyi iddia olunur.
Editor.az “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, Türkiyə Futbol Federasiyasının (TFF) sabah keçiriləcək iclasında əsas müzakirə mövzularından birinin milli komandanın baş məşqçisi Vinçenzo Montellanın gələcəyi olacağı gözlənilir.
Türkiyə mətbuatında yayılan məlumatlara görə, italiyalı mütəxəssisin yığmadakı fəaliyyətini başa vurması ehtimalı yüksəkdir.
İddiaya əsasən, 52 yaşlı çalışdırıcı öz istəyi ilə komandadan ayrılarsa, onun üçün hər hansı təzminat ödənilməsi nəzərdə tutulmur.
Montellanın Türkiyə millisindən ayrılacağı təqdirdə komandanın sükanı arxasına kimin keçəcəyi də artıq müzakirə mövzusuna çevrilib.
Bu posta namizədlər arasında tanınmış türkiyəli məşqçi Arda Turanın adı xüsusilə önə çıxır. İddialara görə, TFF Montelladan sonra millini Turana həvalə edə bilər.
Bununla belə, yekun qərarın TFF-nin sabah keçiriləcək iclasından sonra açıqlanacağı gözlənilir.





