Dünyanın ən nüfuzlu fərdi futbol mükafatı olan “Qızıl top”un keçmiş rəhbəri Paskal Ferre bu il Kilian Mbappeyə səs verməyəcəyini açıqlayıb.
İdman.Biz xəbər verir ki, Ferre fransalı hücumçunun yüksək səviyyəli futbolçu olduğunu desə də, onun mövsümü klub səviyyəsində titulsuz başa vurmasını əsas səbəb kimi göstərib.
“Əla futbolçudur, amma bu il ona səs verməzdim. 30 namizəd arasında klubunda heç bir titul qazanmayan azsaylı oyunçulardan biridir. Mənə qəribə gəlir ki, bütün mövsüm ərzində heç nə qazanmayan futbolçu dünyanın ən yaxşısı elan olunsun. Futbol yenə də komanda idmanıdır. Əgər heç nə qazana bilməmisənsə, deməli, kifayət qədər yaxşı olmamısan. Mənim mövqeyim belədir”, - deyə Ferre bildirib.
Qeyd edək ki, “Real Madrid”in hücumçusu Kilian Mbappe 2026-cı il “Qızıl top” mükafatına namizədlər sırasında yer alıb. O, 2025/26 mövsümündə klub səviyyəsində titul qazanmasa da, La Liqa və Çempionlar Liqasında mövsümün ən məhsuldar futbolçusu olub.
2026-cı il “Qızıl top”un qalibi oktyabrın 26-da Londonda açıqlanacaq.



