“Artıq uşaq futbolunun inkişafı üçün şərait qurulub”
Offsideplus.az xəbər verir ki, sözləri AFFA-nın baş katibinin müşaviri Ramazan Səmədov yeni inşa edilmiş Hövsan Yarış Kompleksində jurnalistlərə açıqlamasında deyib:
O, Bakıda keçiriləcək U-15 dünya çempionatı və festivalı ilə bağlı təəssüratlarını bölüşüb:
"İki ay əvvəl burda tamam başqa mənzərənin şahidi olardınız. Demək olar ki, səhralıq idi. FIFA standartlarına uyğun 10 meydança qurulub. Bunlar cəmi 66 günə həll edilib. Sağ olsunlar, dövlət qurumları ilk günlərdən bizə dəstək oldular. Azərbaycan futbolu üçün böyük işlər görülüb. U-15 Dünya Çempionatı bu işlər üçün təkan idi. Uşaq futbolunun inkişafı üçün işlər görmək arzumuz idi. Artıq uşaq futbolunun inkişafı üçün şərait qurulub".
AFFA rəsmisi FIFA prezidenti Canni İnfantinonun kompleksə gəlişi haqda da danışıb:
"O, işlərin belə sürətlə yekunlaşdığını heç bir ölkədə görmədiyini bildirdi. Hər bir stadionda tribuna quraşdırılması gündəmdədir. İki stadionda 100, digərlərində 50 insan matçları izləyə biləcək".
Səmədov stadionların ot örtüyünün də FIFA standartlarına cavab verdiyini vurğulayıb:
"Hazırda ərazidə FIFA-nın nümayəndələri də var. Bu kompleks uşaq futbolunun inkişafı üçün nəzərdə tutulub. FİFA-nın standartlarına uyğun ot örtüyüdür. Xalq dilində desək, bundan daha yaxşısı yoxdur”.
Xatırladaq ki, U-15 dünya çempionatı və festivalı oktyabrın 22-30-da Hövsan Yarış Kompleksində baş tutacaq. Turnurin açılış və final görüşü Bakı Kristal Zalında keçiriləcək.




