İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ABŞ-da keçirilən Konqresə aralıq seçkilərin nəticələrini şərh edib. O, sosial şəbəkədəki hesabında amerikalı seçicilərin səsvermə zamanı İranla müharibəyə qarşı mövqe nümayiş etdirdiklərini bildirib.
Editor.az bu barədə xarici mediaya istinadla yazıb.
Qalibafın sözlərinə görə, amerikalılar bu seçkilərdə müharibəyə “yox” deyiblər.
“Vicdan, yoxsa həyatın qiyməti? Amerikalılar müharibəyə yox dedilər. Biz bu mesajı dəstəkləyirik”, – deyə o qeyd edib.
İran parlamentinin sədri eyni zamanda ABŞ hökumətini cəmiyyətin iradəsinə zidd addım atmamağa çağırıb. O xəbərdarlıq edib ki, xalqın mövqeyinə məhəl qoyulmaması Vaşinqton üçün ciddi nəticələrə səbəb ola bilər.
Qeyd edək ki, noyabrın 3-də ABŞ-da Konqresə aralıq seçkilər keçirilib. Səsvermə zamanı Nümayəndələr Palatasının bütün üzvləri və Senatın təxminən üçdə biri seçilib.
Seçkilərin nəticələrinə dair proqnozlara əsasən, Respublikaçılar Partiyası Konqresin palatalarından birinə və ya hər ikisinə nəzarəti itirə bilər. Bu isə ABŞ-ın hazırkı prezidentinin qanunvericilik təşəbbüslərini həyata keçirmək imkanlarına təsir göstərə bilər.
“Bloomberg” nəşrinin məlumatına görə, demokratların Senatda 100 yerdən azı 51-ni qazanacağı gözlənilir. ABŞ mediasının proqnozlarına əsasən, respublikaçılar Nümayəndələr Palatasında da çoxluğu itirmək riski ilə üzləşiblər.
Respublikaçılar Partiyasını təmsil edən Nümayəndələr Palatasının sədri Mayk Conson isə seçkilərin nəticələrinə münasibət bildirərək, partiyasının 2028-ci ildə keçiriləcək seçkilərdə palata üzərində nəzarəti yenidən ələ keçirəcəyini vəd edib. O, bir səsvermənin respublikaçıları dayandıra bilməyəcəyini vurğulayıb.
Xatırladaq ki, bundan əvvəl ABŞ Demokratlar Partiyasının nümayəndələri ABŞ və İran arasında müharibənin dayandırılması istiqamətində addımlar atacaqlarını bəyan etmişdilər.
//Gülnarə Abasova, Editor.az


