Bakı.Trend:
Cənubi Koreyada apellyasiya məhkəməsi aşağı instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayaraq Koreya Respublikasının keçmiş Prezidenti Yun Sok Yol barəsində şərti həbs cəzasını (seçki kampaniyası qaydalarının pozulması işi üzrə -red.) təsdiqləyib.
Bu barədə "Yonhap" agentliyi məlumat yayıb.
İyul ayında birinci instansiya məhkəməsi onu 3 il sınaq müddəti müəyyən edilməklə 1,5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edib. Keçmiş prezident 2022-ci ildə keçirilən prezident seçkiləri ərəfəsində seçki kampaniyası zamanı yalan məlumatlar yaymaqda ittiham olunur.
Koreya Respublikasının məhkəmə sistemi üç instansiyadan ibarətdir. Ali Məhkəmə də əvvəlki instansiyaların qərarlarını təsdiqləyərsə, bu, Yun Sok Yolun 2022-ci ildə namizədliyini irəli sürdüyü “Vətəndaş Gücü” Partiyasının onun seçki kampaniyasına çəkilmiş 39,7 milyard von (29,5 milyon dollar) məbləğində xərcləri dövlət büdcəsinə geri qaytarmasına səbəb ola bilər. Yerli qanunvericiliyə əsasən, namizədi seçki kampaniyası haqqında qanunu pozduğuna görə 1 milyon vondan (745 dollar) artıq cəriməni nəzərdə tutan cəzaya məhkum edilən partiyalar aldıqları dövlət subsidiyalarını geri qaytarmalıdırlar.
Seçki kampaniyası qaydalarının pozulması ilə bağlı iş Yun Sok Yolun təqsirləndirilən şəxs qismində iştirak etdiyi səkkiz cinayət işindən yalnız biridir. Fevral ayında birinci instansiya məhkəməsi onu 2024-cü ilin dekabrında Konstitusiyanı pozaraq hərbi vəziyyət elan etməsi və dövlət quruluşuna qarşı qiyama cəhd göstərməsi ilə əlaqədar ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edib.




