Ermənistanda siyasi gündəmi silkələyən hadisə baş verib. Səhər saatlarında Ermənistan İstintaq Komitəsinin əməkdaşları “Güclü Ermənistan” partiyasının rəhbəri Samvel Karapetyanın və eyniadlı parlament fraksiyasının rəhbəri Narek Karapetyanın yaşadığı ünvanlarda axtarışlara başlayıblar.
Editor.az-ın Ermənistan mediasına istinadən yaydığı məlumata görə, istintaq tədbirləri yalnız bu iki şəxsin yaşayış evləri ilə məhdudlaşmayıb. Karapetyanlar ailəsinə məxsus digər ünvanlarda da axtarışlar aparılır.
Qeyd edək ki, Samvel Karapetyan 2025-ci il iyunun 17-də Ermənistan Apostol Kilsəsinə dəstək ifadə etdikdən sonra hüquq-mühafizə orqanlarının diqqətini cəlb edib.
O, artıq bir il beş aydır ev dustaqlığında saxlanılır. Karapetyanla bağlı cinayət işinə Ermənistanın Antikorrupsiya Məhkəməsində baxılır.
Karapetyanlar ailəsinə məxsus ünvanlarda aparılan son axtarışların hansı nəticələr verəcəyi və bunun siyasi proseslərə necə təsir göstərəcəyi isə diqqət mərkəzindədir.




