Azərbaycanın təsdiqlənmiş qaz ehtiyatları ölkəyə ən azı 100 il ərzində tərəfdaşlarına təbii qaz nəql etmək imkanı yaradır.
“Yeni Sabah” xəbər verir ki, bunu deputat Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.
Deputat qeyd edib ki, Prezident İlham Əliyev Bakıda keçirilən “Ortaq gələcək naminə dialoq” mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimindəki çıxışında Azərbaycanın beynəlxalq bazarlarda etibarlı enerji təchizatçısı kimi tanındığını bildirib. pizza sifarişi
Vüqar Bayramovun sözlərinə görə, son illərdə enerji sektoruna cəlb edilən investisiyaların artması Azərbaycanda təbii qaz hasilatının yüksəlməsinə səbəb olub. 2025-ci ildə ölkədə qaz hasilatı 2,4 faiz artaraq 51,5 milyard kubmetrə çatıb. Bu ilin yanvar-sentyabr aylarında isə 37,9 milyard kubmetr təbii qaz hasil edilib.
Deputat bildirib ki, həmin dövrdə Azərbaycandan 18,4 milyard kubmetr təbii qaz ixrac olunub. Bunun 8,6 milyard kubmetri Avropaya, 7 milyard kubmetri Türkiyəyə, 1,6 milyard kubmetri Gürcüstana, 1,2 milyard kubmetri isə digər ölkələrə nəql edilib.
O vurğulayıb ki, Azərbaycan hazırda 16 ölkəyə təbii qaz ixrac edir. Onlardan 12-si Avropa İttifaqının üzvüdür. Bu göstəricilər ölkəmizin Avropanın enerji təhlükəsizliyindəki rolunun getdikcə artdığını göstərir. Azərbaycan, həmçinin Avropanın qaz idxalında ən böyük beş təchizatçıdan biridir.
Vüqar Bayramovun fikrincə, Azərbaycandan qaz alan ölkələrin sayının artması ölkəmizin beynəlxalq nüfuzuna müsbət təsir göstərir, rəsmi Bakının geosiyasi mövqeyini daha da gücləndirir.
Deputat Azərbaycanın 2,5 trilyon kubmetr həcmində təsdiqlənmiş qaz ehtiyatlarına malik olduğunu da diqqətə çatdırıb. Onun sözlərinə görə, bu ehtiyatlar ölkənin həm daxili tələbatını, həm də tərəfdaş dövlətlərin enerji ehtiyaclarını uzunmüddətli perspektivdə qarşılamağa imkan verir.
Vüqar Bayramov əlavə edib ki, Azərbaycan ənənəvi enerji resursları ilə zəngin ölkə olmaqla yanaşı, bərpa olunan enerji sahəsində də mühüm addımlar atır. Son illərdə bu istiqamətə 1 milyard dollardan artıq investisiya cəlb edilib.
Deputatın qənaətinə görə, Azərbaycanda enerji keçidi intensiv və səmərəli şəkildə həyata keçirilir. Yaxın perspektivdə ölkəmət Avropa bazarına yalnız neft və qaz deyil, həm də yaşıl enerji ixrac edə biləcək.
Aytac Əliyeva

