Bakı, 27 oktyabr
Azərbaycanın iqtisadi inkiaşfı onun dünya bazarına çıxmasını zərurətə çevirib. Burada həyata keçirilən iqtisadi islahatlar istehsalı artırıb ki, bunun da müxtəlif texnologiyalara ehtiyacı var. Kənd təsərrüfatı məhsullarının, xüsusi ilə meyvəçiliyin qablaşdırılması və daşınması xüsusi texnologiyalar tələb edir ki, biz də texnologiyaların satışı və ixracı ilə məşğul oluruq.
Bu sözləri Almaniya-Azərbaycan biznes konfransı çərçivəsində B2B formatında keçirilən görüşdə AZƏRTAC-a müsahibə verən Almaniyanın “Peter Binder GmbH” şirkətinin MBD üzrə regional direktoru Arkadi Volbaum deyib.
O bildirib ki, “Peter Binder GmbH” Almaniyada yerləşən, sənaye qablaşdırma avadanlıqlarının satışı və texniki xidməti ilə məşğul olan şirkətdir: “Şirkətin baş ofisi Bad Vilbel şəhərində yerləşir və müasir standartlara uyğun olan avadanlıqlar istehsal və ixrac edir. Biz artıq Azərbaycan ilə əməkdaşlıq əlaqələri qurmuşuq. Şirkətimiz quru çayı qablaşdırmaq üçün Azərbaycana avadanlıq ixrac edib. Şirkət, həmçinin satdığı avadanlıqlara texniki xidməti də həyata keçirir”.
Regional direktorun sözlərinə görə Azərbaycanda qeyri-neft sektorunun inkişafı dövlətin prioriteti hesab edilir ki, bu da yaxın gələcəkdə yeni müəssisələrin yaradılmasına gətirib çıxaracaq: “Bunun nəticəsi olaraq texnologiyaya ehtiyac yaranacaq. Qeyd etdiyim kimi əməkdaşlığımız var. Lakin kənd təsərrüfatı sahəsində də əkin-biçin və məhsul toplanması, qablaşdırılması yeni texnologiyala əsasında istehsal olunan avadanlıqlarla həyata keçirilərsə daha səmərəli olar”.
“Almaniya-Azərbaycan biznes konfransı hər il keçirilir və hər dəfə əməkdaşlıq haqqında razılıqlar əldə olunur. Bu dəfə də razılıqların əldə olunacağı şübhəsizdir. Konfrans istehsalçıları, ixracatcıları, idxalçşıları bir araya gətirir, problemlər müzakirə olunaraq aradan qaldırılır, yeni birgə layihələrin əsası qoyulur. Bir sözlə əməkdaşlıq qurulur ki, bu da biznes üçün olduqca əhəmiyyətlidir. Azərbaycanın belə şərait yaratması onun beynəlxalq bazarlara çıxış imkanlarının böyük olmasını göstərir”, - deyə o qeyd edib.

