İqtisadiyyat · Sfera.az

Azərbaycan benzin idxalına 120 milyon xərcləyib - Yerli istehsal azdır?

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Azərbaycan benzin idxalına 120 milyon xərcləyib - Yerli istehsal azdır? xəbəri üçün şəkil

Azərbaycanın neft hasil etməsinə və Aİ-92, Aİ-95 markalı benzin istehsalına baxmayaraq, xaricdən yanacaq idxal etməsi daxili istehsalın həcmi və bazarın tələbatı ilə bağlı suallar yaradır. 2026-cı ilin yanvar-avqust aylarında ölkəyə 120 min 530 ton benzin gətirilib və bunun üçün 120 milyon 244 min dollar xərclənib. Bu vəziyyət yerli istehsalın daxili tələbatı nə dərəcədə ödədiyini və idxala ehtiyacın hansı səbəblərdən yarandığını gündəmə gətirir.

İqtisadçı Asif İbrahimov Sfera.az-a açıqlaması zamanı bu məsələyə münasibət bildirərkən yerli istehsalın imkanlarının və idxala çəkilən xərclərin iqtisadi baxımdan təhlil edilməsinin vacibliyini vurğulayıb.

Onun sözlərinə görə, ilk növbədə yerli istehsalın daxili tələbatı niyə tam ödəmədiyi aydınlaşdırılmalıdır:

“İstehsal gücü kifayət etmirsə, bunun səbəbləri texnoloji imkanların məhdudluğu, investisiya çatışmazlığı və ya yerli istehsalın maya dəyərinin yüksək olması, yəni konkret göstəricilərlə izah edilməlidir”.

İqtisadçı qeyd edib ki, məsələ yalnız benzinin xaricdən alınması deyil, həm də Azərbaycanın öz təbii resurslarından nə dərəcədə səmərəli istifadə etməsidir. O bildirib ki, xam neft hasil etmək və onu rəqabətqabiliyyətli hazır məhsula çevirmək fərqli məsələlərdir:

“Əgər yerli istehsalı genişləndirmək mümkündürsə, bu imkanlardan niyə tam istifadə olunmadığı araşdırılmalıdır. İdxalın bütün hallarda iqtisadi baxımdan yanlış olduğunu söyləmək olmaz. Bəzi hallarda xaricdən hazır məhsul almaq yerli istehsaldan daha sərfəli ola bilər. Lakin belə qərarların əsaslandırılması üçün idxal qiymətləri, yerli istehsalın maya dəyəri və mövcud istehsal gücü müqayisəli şəkildə açıqlanmalıdır”.

Azərbaycan benzin idxalına 120 milyon xərcləyib - Yerli istehsal azdır?

Ekspert deyib ki, hazır məhsul idxalına böyük vəsait ayrılması, yerli istehsal iqtisadi baxımdan mümkün olduğu halda, ölkə daxilində yaradıla biləcək əlavə dəyərin xaricə yönəlməsi ilə nəticələnə bilər. İqtisadçının fikrincə, yerli istehsalın genişləndirilməsi isə yeni iş yerlərinin açılmasına, sənayenin inkişafına və texnoloji imkanların artmasına şərait yarada bilər:

“Neft emalı müəssisələrinin istehsal gücü, Aİ-92 və Aİ-95 markalı benzinə daxili tələbat, idxal qiymətləri və yerli istehsalın maya dəyəri barədə məlumatlar ictimaiyyətə təqdim edilməlidir. Bu göstəricilər idxalın zərurətdən irəli gəldiyini, yoxsa mövcud istehsal imkanlarından tam istifadə edilməməsi ilə bağlı olduğunu müəyyənləşdirməyə kömək edə bilər.

Əsas məqsəd yalnız ölkənin yanacaq təminatını qorumaq deyil, bunu iqtisadi baxımdan ən səmərəli üsulla həyata keçirmək olmalıdır. Azərbaycanın təbii resurslarından maksimum fayda əldə etməsi üçün yerli istehsalın genişləndirilməsi imkanları və xaricdən hazır yanacaq alınmasının iqtisadi əsasları rəqəmlərlə qiymətləndirilməlidir”.

İradə Elsevər

Sfera.az

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑