Azərbaycanda içməli suya tələbatın artması və su ehtiyatlarının idarə olunması məsələsi yeni həll yollarını gündəmə gətirir. Xəzər dənizinin suyunun duzsuzlaşdırılması üzrə zavodun tikintisi də bu baxımdan diqqət çəkən layihələrdən biridir. Asiya İnkişaf Bankı layihənin maliyyələşdirilməsi imkanlarını nəzərdən keçirir.
İqtisadçı Natiq Cəfərov Sfera.az-a açıqlamasında bildirib ki, Azərbaycanda içməli su probleminin həlli üçün Xəzər dənizinin suyunun duzsuzlaşdırılması alternativ mənbə kimi qiymətləndirilə bilər.
Onun sözlərinə görə, bu istiqamətdə indidən addımların atılması gələcəkdə yarana biləcək su çatışmazlığının qarşısını almaq baxımından əhəmiyyətlidir:
“Qazaxıstan və Türkmənistan kimi Xəzəryanı ölkələr dəniz suyunun duzsuzlaşdırılması imkanlarından istifadə edirlər. Azərbaycanın da bu təcrübədən yararlanması su təminatının şaxələndirilməsinə kömək edə bilər”.
N.Cəfərovun fikrincə, layihənin əhəmiyyəti xüsusilə Abşeron yarımadasında daha aydın hiss oluna bilər:
“Çünki paytaxt ətrafında yeni yaşayış kompleksləri, qəsəbələr və digər məskunlaşma əraziləri genişlənir, əhalinin sayı artır. Bu isə içməli suya olan tələbatı yüksəldir və mövcud su təchizatı sistemlərinin üzərinə əlavə yük qoyur”.

O bildirib ki, duzsuzlaşdırma zavodunun yaradılması ənənəvi su mənbələrindən asılılığın azaldılmasına, gələcək tələbatın qarşılanmasına və su təminatında yarana biləcək risklərin idarə olunmasına töhfə verə bilər. Ekspertin fikrincə, layihə eyni zamanda yeni iş yerlərinin açılması və müvafiq texniki sahələrin inkişafı baxımından da əhəmiyyət daşıyır.
“Layihənin ümumi dəyəri 407 milyon ABŞ dolları həcmində qiymətləndirilir. Asiya İnkişaf Bankı hər biri 70 milyon dollar olmaqla iki kredit xətti üzrə, ümumilikdə 140 milyon dollar maliyyələşdirmə imkanını nəzərdən keçirir. Zavodun gündəlik 300 min kubmetr su istehsal etməsi, yüksək tələbat dövrlərində isə bu göstəricinin 330 min kubmetrə çatdırılması planlaşdırılır.
Layihənin reallaşması Azərbaycanın su təhlükəsizliyinin gücləndirilməsi baxımından əlavə imkan yarada bilər. Bununla belə, zavodun səmərəliliyi yalnız istehsal gücündən deyil, suyun duzsuzlaşdırılması və nəqli xərclərindən, enerji sərfiyyatından, eləcə də alınan suyun mövcud təchizat şəbəkəsinə inteqrasiyasından asılı olacaq”, - deyə iqtisadçı bildirib.
İradə Elsevər





