“Netanyahu Trampın seçkidə mümkün məğlubiyyətini nəzərə alıb istədiyinə nail olmaq istəyir”
Bu sözləri Yenicag.az-a açıqlamasında hüquqşünas-politoloq Xəyal Bəşirov bildirib.

X. Bəşirov Trampın İrana nüvə zərbəsi endirməsi halında İranın da eyni addımı atacağını təxmin edir:
“Netanyahunun Trampdan İrana növbəti hücumların təşkil edilməsini xahiş etməsi ilə bağlı məlumat yayılıb. Bu çağırışlar əvvəldən də edilirdi, lakin söhbət nüvə zərbəsindən getmirdi. İndi məlumat yayılıb ki, Netanyahu nüvə zərbəsi ilə bağlı Trampa təzyiq edir. Mən düşünmürəm ki, nüvə zərbəsi məsələni kökündən həll edəcək. Bunu çox gözəl bilirik, İsrail və ABŞ da çox gözəl bilir. Rejimin dəyişdirilməsi üçün taktiki nüvə silahından istifadə edilə bilər. Bu addım kütləvi qırğına, İranda xaosa gətirib çıxara bilər. Düşünürəm ki, İsrail tərəfi də bilir ki, bu, məsələni kökündən həll etməyəcək. Netanyahunun bu məsələdə məqsədi nədir? Düşünürəm ki, artıq səngiməkdə olan bu prosesin yenidən alovlandırılmasıdır. Ona görə ki, seçkilərdə də istədiyi uğuru əldə edə bilməyib, hakimiyyətdən getmə ehtimalı var. Bu, onu ciddi narahat edir”.
Hüquqşünas qeyd edib ki, bu addım nüvə zərbəsini dünyada adiləşdirə bilər:
“Bu addımın əks effekti də var. Düşünürəm ki, İsrail də bunu hesablayıb. Bu, ilk öncə dünyada nüvə xaosu yaradacaq. Rusiya da Ukraynaya və ya Avropa ölkələrinə qarşı, Şimali Koreya Cənubi Koreyaya qarşı eyni addımı ata bilər və s. Ehtimal olunur ki, İranın artıq nüvə silahı var, bu, yüksek ehtimalla doğru ola bilər. İranın uranı 60% zənginləşdirməsi ilə bağlı bir neçə il öncə məlumat vardı. Ondan sonra bu barədə məlumat olmasa da, bu illər ərzində İran 60%-i 90%-ə qaldırmış ola bilər. Müharibə zamanı həmin obyektlərin vurulması prosesi ləngidə bilərdi, amma İranın vəziyyəti dəyişmək üçün kifayət qədər zamanı oldu. Məsələ ondadır ki, İran da nüvə silahı ilə cavab verə bilər. İran bu yaxınlarda Böyük Britaniyanın Hərbi Hava Qüvvələrini və Hərbi Dəniz Qüvvələrini terrorçu qruplaşma elan etdi. Zamanında Böyük Britaniya İranın İslam İnqilabı Keşikçiləri Korpusunu terrorçu təşkilat adlandırmışdı. Bu proses həm də ABŞ-nin istifadə etdiyi Diyeqo-Qarsiya adasını da hədəfə ala bilər. Son olaraq düşünürəm ki, Netanyahu bu addımla seçkidəki uğursuzluğu kölgədə saxlamağa çalışacaq. Düşünürəm ki, ABŞ buna razı olmayacaq. Amerikada prezidentin istədiyi vaxt nüvə silahından istifadə etmək hüququ yoxdur. Netanyahu isə Amerikada keçiriləcək seçkidə respublikaçıların məğlubolma ehtimalını nəzərə alıb, seçkidən öncə Trampı razı salmağa çalışacaq. Ona görə ki, demokratlar qalib gələrsə, bu plan suya düşə bilər”.
Nurlan Cəfəri





