“Ermənistan ‘Tramp marşrutu’nun icrasına başlayırsa, konstitusiya referendumuna da hazırlaşmalıdır”
Bu sözləri Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib.
H. Babaoğlu Ermənistanın “Tramp marşrutu”nun icrasına başlamağa hazırlaşmasına münasibət bildirərək sülh üçün ən vacib öhdəliyin də yerinə yetirilməli olduğunu Ermənistanın diqqətinə çatdırıb:
“Ermənistanda konstitusiya referendumu keçirilməsi zərurətdir, çünki “Tramp marşrutu”nun da, iki dövlət arasında sülhün də əldə olunması məhz konstitusiya dəyişikliyindən keçir. Düşünürəm ki, son günlərdə öncə Ermənistanın ədliyyə naziri, sonra baş nazirin noyabr ayında yeni konstitusiya layihəsini ictimai müzakirəyə çıxarması ilə bağlı fikirləri irəliyə doğru atılmış addım hesab edilə bilər. Bu reallaşarsa, təbii ki… Bəzi dairələr bunu iki dövlət arasında sülh sazişindən ayrı layihə olaraq görürlər. Bunu əsasən Ermənistan müxalifəti və bəzi siyasi qüvvələr belə şərh edirlər. Nəzərə almaq lazımdır ki, 2025-ci il 8 avqust tarixində ABŞ-də paraflanmış sənədin adı “Ermənistan və Azərbaycan arasında dövlətlərarası münasibətlərin qurulması və sülh sənədi” adlanır. Əgər dövlətlərarası münasibətlər qurulmayacaqsa, deməli, Azərbaycandan heç bir yük Ermənistan ərazisindən keçməyəcək. Azərbaycan indiyədək qaldırdığı dəmir yolu blokadasını yenidən bərpa edəcək. Belə olan halda, bu marşrut kimə lazımdır və niyə inşa edilir? Bu marşrut üzrə yüklər Azərbaycandan keçən yüklər və sərnişinlərdən ibarətdir. Ona görə də sülh və “Tramp marşrutu”bir-birini tamamlayan iki vacib hadisədir biri hüquqi-siyasi, digəri isə geoiqtisadi. Bunun həlli də paralel olaraq həyata keçirilməlidir. Əks təqdirdə, bu marşrut heç kimə lazım olmayan bir ideyaya çevrilə bilər. Digər tərəfdən, paraflanmış sənəd Ermənistan üzərində öhdəlik yaradır ki, düşünürəm, Ermənistan belə səhvə yol verməyəcək”.
Nurlan Cəfəri


