“Ermənistandakı müxalifət qüvvələri öz təkliflərini irəli sürsünlər. Müstəqillik Bəyannaməsinin preambulasında köhnəlmiş hədəflər olduğu halda, onun yeni konstitusiyada xatırlanmasının bizə nə verəcəyini izah etsinlər”.
Editor.az-ın Ermənistan mətbuatına istinadən məlumatına görə, bunu noyabrın 2-də Ermənistanın ədliyyə naziri Srbuhi Qalyan parlamentdə çıxışında bildirib.
“Biz yeni konstitusiyanı niyə hazırlayırıq? Hazırda harada olduğumuzu və hara getdiyimizi, necə bir dövlət olduğumuzu, hansı məqsədlərlə və nə üçün fəaliyyət göstərəcəyimizi anlamaq istəyirik. Heç kim Müstəqillik Bəyannaməsini tarix səhifələrindən silə bilməz və kimsənin belə bir fikri də ola bilməz. Lakin reallıq budur ki, Müstəqillik Bəyannaməsinin hədəfləri artıq aktuallığını itirib, bizim Qarabağı Ermənistana birləşdirmək kimi bir məqsədimiz yoxdur.
Əsas məqsədimiz Ermənistan Respublikasının uzunömürlülüyünü, rifahını, inkişafını təmin etmək, müstəqilliyini və suverenliyini gücləndirməkdir. Bizim hədəflərimiz məhz bunlardır.
Bu gün sahib olduğumuz sülhə görə minnətdarıq. Biz bu sülhü qoruyub saxlamaq və onu institusional olaraq möhkəmləndirmək istəyirik. Bu gün biz faktlardan və indiki zamandan danışırıq, mövcud reallıq isə tamamilə başqadır”, – deyə Qalyan qeyd edib.




