Bakı.Trend:
Ukrayna Ali Radası əsas sosial yardım haqqında Avrointeqrasiya qanununu qəbul edib.
Bu barədə "İnterfaks-Ukrayna" məlumat yayıb.
Qanunu çərşənbə axşamı Ali Radanın plenar iclasında 247 deputat yekdilliklə dəstəkləyib.
“Qanun aztəminatlı ailələrə verilən ayrı-ayrı ödənişləri vahid kompleks dəstək sistemində birləşdirir. Sənəd pul yardımı ilə yanaşı, icma səviyyəsində sosial xidmətlərin göstərilməsini nəzərdə tutur və hər bir ailəyə fərdi yanaşmanı təmin edir”, – deyə Ali Radanın dövlət hakimiyyətinin təşkili, yerli özünüidarəetmə, regional inkişaf və şəhərsalma məsələləri komitəsinin rəhbəri, “Xalqın xidmətçisi” fraksiyasının üzvü Yelena Şulyak “İnterfaks-Ukrayna” agentliyinə bildirib.
Onun sözlərinə görə, müharibə sosial riskləri daha da artırıb və çətin həyat şəraitində olan ailələrin sayının çoxalmasına səbəb olub. Mövcud sosial dəstək sistemi isə hələ də pərakəndə xarakter daşıyır: dövlət ödənişləri icma səviyyəsində göstərilən sosial xidmətlərlə inteqrasiya olunmayıb.
Deputat bildirib ki, Ukraynada 2025-ci il iyulun 1-dən etibarən artıq əsas sosial yardımın göstərilməsi üzrə bir neçə ödəniş növünü birləşdirən eksperimental layihə həyata keçirilir. Bunlara aztəminatlı ailələrə, tək analara və çoxuşaqlı ailələrə verilən yardımlar, valideynləri aliment ödəməyən uşaqlara ödənişlər, habelə pensiya almaq hüququ olmayan şəxslərə və əlilliyi olan şəxslərə göstərilən yardımlar daxildir. Deputat qeyd edib ki, yeni qanun layihəsi eksperimentin nəticələri nəzərə alınmaqla bu modeli daimi əsasda təsbit edir.





