Vatikan dövlətinin başçısı Papa XIV Leo ağciyərində aşkarlanan kütlə (düyün) səbəbindən bu gün keçirəcəyi əməliyyat üçün xəstəxanaya yerləşdirilib.
Tezadlar.az xəbər verir ki, əvvəllər ağciyərindəki kütləni çıxarmaq üçün əməliyyat olunacağını açıqlayan Papa günorta saatlarında Vatikandan ayrıldı və əməliyyat üçün Romadakı Gemelli Xəstəxanasına gedib.
Çoxsaylı mətbuat nümayəndələri və xəstəxana işçiləri Papanın Gemelli Xəstəxanasına gəlişini diqqətlə izlədilər.
Xəstəxana rəsmiləri tərəfindən girişdə qarşılanan Papa binaya daxil olub.
Vatikan Mətbuat Ofisindən jurnalistlərə verilən yazılı açıqlamada bildirilib ki, Papa bu günortadan sonra Gemelli Xəstəxanasında professor Stefano Marqaritoranın rəhbərlik etdiyi döş qəfəsi cərrahiyyəsi qrupu tərəfindən ağciyərindəki kütləni çıxarmaq üçün əməliyyat olunacaq.
Vatikan Dövlət Katibi (Baş nazir) Kardinal Pietro Parolin jurnalistlərə Papanın əməliyyatı ilə bağlı danışarkən deyib: “Dünən onunla danışdım. Çox sakit danışdıq. Düzünü desəm, narahatam, çünki belə bir şey gözləmirdim, amma xoşbəxtlikdən dərhal aşkar edildi və buna görə də mümkün qədər tez həll edilə bilər. Normalda, bu cür şeylər erkən aşkar edildikdə yaxşı həll edilə bilər.”
Vatikan əvvəllər Papanın planlaşdırılan bütün tədbirlərinin ona sağalmaq üçün vaxt vermək məqsədilə 20 oktyabra qədər ləğv edildiyini açıqlamışdı.
Tarixdə ilk dəfə olaraq, bir Papa bazar günü namazı zamanı əməliyyat olunacağını açıqlayıb.
Papa XIV Leo oktyabrın 11-də Vatikandakı Müqəddəs Pyotr Meydanına baxan ofisinin pəncərəsindən ənənəvi bazar günü duası zamanı bildirib: “Həkimlər ağciyərlərimdə bir kütlə (düyün) aşkar ediblər. Həkimlər müdaxilənin məqsədəuyğun olduğuna inanırlar və buna görə də onların məsləhəti ilə düyünü çıxarmaq üçün əməliyyat olunmağa qərar verdim. Əməliyyatın yaxın bir neçə gün ərzində baş tutması planlaşdırılır. Mənəvi yaxınlığınız üçün təşəkkür edirəm və özümü dualarınıza əmanət edirəm.”
71 yaşlı Papa tərəfindən “sürpriz” hesab edilən bu açıqlamadan sonra Vatikan Mətbuat Ofisi əməliyyatdan sonrakı sağalma müddətinin bir həftə davam edəcəyinin gözlənildiyini açıqlayıb.
İtaliya mediası həmçinin qeyd edib ki, tarixdə ilk dəfə olaraq bir Papa bazar günü duaları zamanı yaxın günlərdə əməliyyat olunacağını şəffaf şəkildə elan edib.
Xəbərlərdə bildirilir ki, Papa 6-17 noyabr tarixlərində Uruqvay, Argentina və Perunu əhatə edən Cənubi Amerika turunu ləğv etməmək üçün dərhal əməliyyat olunmağa qərar verib.
Əvvəlki dövlət başçısı Papa Fransiskusun 21 aprel 2025-ci ildə vəfat etməsindən sonra 8 may 2025-ci ildə Katolik Kilsəsinin mərkəzi olan Vatikanda keçirilən Konklavda (Papa Seçkiləri) Papa seçilən ABŞ-dan olan o vaxtkı kardinal Robert Fransis Prevost “Papa XIV Leo” adını almışdı.
ELBAR






