Bakı.Trend:
Türkiyənin Halk TV telekanalının İstanbulda yerləşən ofisində axtarış aparılıb, kanalın yayımı dayandırılıb.
NTV-nin İstanbul Respublika Baş Prokurorluğuna istinadən verdiyi məlumata görə, telekanalın sahibi Cafer Mahiroğlu barəsində rüşvət, tenderlərə müdaxilə və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması ittihamları üzrə istintaq başlanılıb.
İş üzrə 17 nəfərin saxlanılması barədə qərar verilib, onlardan 11-i saxlanılıb. Saxlanılanlar arasında telekanalın rəhbərlərindən Harika Akkayanın da olduğu iddia edilir.
Baş Prokurorluq bildirib ki, araşdırma zamanı Mahiroğlunun İzmir Böyükşəhər Bələdiyyəsindəki əlaqələrindən istifadə edərək BUSTECH şirkətinin yaradılmasına şərait yaratdığı, bələdiyyə tenderləri vasitəsilə qanunsuz mənfəət əldə edildiyi və 14 milyon 464 min türk lirəsi məbləğində uçota alınmamış rüşvət ödənişlərinin həyata keçirildiyi barədə məlumatlar aşkarlanıb.
Mahiroğlunun ortaq və ya rəhbər kimi əlaqəli olduğu şirkətlərin ümumi əməliyyat həcmi 30,35 milyard lirə təşkil edib. Onun şəxsi bank hesablarına 1,06 milyard lirə daxil olduğu, hesablardan isə 1,12 milyard lirə vəsaitin çıxarıldığı müəyyən edilib.
Baş Prokurorluq, həmçinin Mahiroğlunun və yaxınlarının hesablarında böyük məbləğli beynəlxalq pul köçürmələrinin aşkarlandığını, əmlak alqı-satqısı ilə bəyan etdikləri gəlirlər arasında uyğunsuzluqların müəyyən edildiyini bildirib.



