Dünya · Trend.az

İranda Araz Dəhlizi üzrə fiziki işlər 53% tamamlanıb – İran rəsmisi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
İranda Araz Dəhlizi üzrə fiziki işlər 53% tamamlanıb – İran rəsmisi xəbəri üçün şəkil

Bakı. Trend:

İranda Araz dəhlizi çərçivəsində Kəlalə-Culfa magistral yolunda fiziki işlər 53% tamamlanıb.

İranın Yol və Şəhərsalma Nazirliyinin məlumatına görə, bunu İranın Nəqliyyat İnfrastrukturlarının Tikintisi və İnkişaf Etdirilməsi Şirkətinin icra direktorunun müavini Əlirza Siyahpur 9 oktyabrda magistral yolla yaxından tanış olduqdan sonra deyib.

“2024-cü ilin əvvəllərində genişləndirilməsinə başlanan 107 km uzunluğunda magistral yolda ümumilikdə 9 km uzunluğunda 20 tunel tikiləcək”, -deyə o qeyd edib.

Siyahpur əlavə edib ki, Araz dəhlizinin yaradılması çərçivəsində Kəlalə-Culfa magistral yolu Azərbaycanı İran vasitəsi ilə Naxçıvan Muxtar Respublikasına birləşdirəcək. Bu magistral yolun təxminən 60 kilometrinin tikintisinin ilin sonunadək (20 mart 2027) başa çatdırılması üçün 100 trilyon rial (təxminən 56 milyon dollar) vəsaitə ehtiyac var. Magistral yolun qalan hissəsinin tikintisini başa çatdırmaq üçün 180 trilyon rial (təxminən 101 milyon dollar dəyərində vəsaitə ehtiyac olduğu hesablanıb.

“Dağlıq zonada mürəkkəb coğrafi relyefə sahib ərazidə 745 metr uzunluğunda tunelin və bu tunelə bitişik hər iki tərəfdən 3 km uzunluğunda magistral yolun tikintisi başa çatdırılıb və hazırda işıqlandırma işləri aparılır”, -deyə o bildirib.

Şirkət rəsmisi qeyd edib ki, Azərbaycan və İran arasında Ağbənd-Kəlalə magistral körpüsündə fiziki işlər 98% başa çatdırılıb və tikinti işləri yekun mərhələdədir. Eyni zamanda 8 hektar ərazidə yerləşən Kəlalə sərhəd terminalının tikintisi üzrə işlər davam etdirilir. Terminalın tikintisi üzrə fiziki işlər 65% başa çatdırılıb. Lazım olan vəsait təmin olunduğu halda bu terminalın 1-ci hissəsi ilin sonunadək (20 mart 2027) başa çatdırılacaq. Ağbənd-Kəlalə və Kəlalə terminalının iki ölkə rəsmilərinin iştirakı ilə istifadəyə verilməsi planlaşdırılır.

Qeyd edək ki, 21 sentyabrda 2022 Şərqi Zəngəzur iqtisadi rayonu ərazisində İranla dövlət sərhədində Ağbənd avtomobil yolu körpüsünün təməlqoyma mərasimi keçirilib. Uzunluğu 112 kilometr olan Horadiz - Cəbrayıl - Zəngilan - Ağbənd avtomobil yolunu İran İslam Respublikasının avtomobil yolları şəbəkəsi ilə Araz çayı üzərindən birləşdirəcək körpü uzunluğu 216 m, eni isə 24,5 m olmaqla layihələndirilib. Körpüdə hər istiqamətdə 2 nəqliyyat vasitəsi və 1 piyadalar üçün hərəkət zolağı nəzərdə tutulub. Həmçinin burada hər iki ölkənin ərazisində gündə 500 ədəd giriş və 500 ədəd çıxış olmaqla ən azı 1000 ədəd yük nəqliyyat vasitəsini (ixrac, idxal və tranzit malları) qəbul edə biləcək dövlət sərhədindən buraxılış məntəqəsinin tikintisi də planlaşdırılır.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑