“Real Madrid” klubu Kilian Mbappenin son açıqlamalarının yarada biləcəyi narahatlığa görə Çin xalqından üzr istəyib.
Tezadlar.az xəbər verir ki, bu barədə “Kral klubu”nun yaydığı rəsmi bəyanatda bildirilir.
“Klubumuz Çinə, onun tarixinə, mədəniyyətinə və vətəndaşlarına, eləcə də “Real Madrid”ə rəğbət və heyranlıq bəsləyən milyonlarla çinli azarkeşə dərin hörmətlə yanaşır.
Klub Kilian Mbappenin ictimai üzrxahlığına qoşulur: futbolçu öz sözlərinə görə təəssüfünü ifadə edib və Çin xalqına hörmətini bir daha təsdiqləyib.
“Real Madrid” mədəniyyətlərarası hörmət, dinc yanaşı yaşama və qarşılıqlı anlaşma dəyərlərinə sadiqliyini təsdiqləyir, həmçinin klubu Çin və onun vətəndaşları ilə bağlayan dostluq və rəğbət tellərini daha da möhkəmləndirmək arzusunda olduğunu bildirir”, – deyə açıqlamada vurğulanıb.
Qeyd edək ki, Mbappe daha əvvəl müsahibəsində sevimli meminin üzünün qrafik redaktə vasitəsilə Çinin keçmiş lideri Mao Tszedunun simasına yerləşdirildiyi görüntü olduğunu söyləyib. Sosial şəbəkələrdə futbolçuya “Diktator” ləqəbi də verilib. Bu ifadə azarkeşlərin onun “Real Madrid”də və Fransa millisində baş verən proseslərə təsirinə dair zarafatlarından qaynaqlanır. Fransalı hücumçunun bu sözləri Çində onların xalqına və tarixinə qarşı hörmətsizlik kimi qəbul edilmişdi.

