Azərbaycanlı gənc futbolçu Eynur Bağırzadə karyerasını İspaniyada davam etdirəcək.
525.az xəbər verir ki, 17 yaşlı cinah yarımmüdafiəçisi "Real Mursiya" ilə 2027-ci ilin yayına kimi müqavilə imzalayıb.
8 yaşından futbolla məşğul olan Eynar Bağırzadə daha əvvəl "Qarabağ"ın futbol akademiyasında məşqçi Elnur Əliyevin rəhbərliyi altında çıxış edib. Ardınca "Vətən" Futbol Məktəbinə keçən E.Bağırzadə 2023-cü ildə Azərbaycan İdman İstedadları Akademiyasının (ASTA) xətti ilə İspaniyanın "Marcet" akademiyasına yollanıb və "Real Mursiya" ilə müqaviləyə kimi bu akademiyanın üzvü olub. Eynur burada bu ilin iyununda "Real Mursiya"ya keçmiş Səid Aslanovla komanda yoldaşı olacaq.
Qeyd edək ki, "Real Mursiya" İspaniya futbol liqası sistemində 3-cü dərəcəli divizion sayılan "Primera Federacion"da (İlk Federasiya/2-ci qrup) çıxış edir.
L.Tağıyeva






