BAKI, 1 noyabr. TELEQRAF
Şimali Koreya taktiki ballistik raket üçün nəzərdə tutulan kaset tipli döyüş başlığının gücünü və döyüş şəraitində tətbiq imkanlarını yoxlayıb.
Teleqraf xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi (KMTA) məlumat yayıb.
Məlumata görə, KXDR-in Raket Sənayesi Baş İdarəsi sınağı oktyabrın 31-də keçirib.
İdarə rəsmisinin sözlərinə görə, kaset tipli döyüş başlıqları xüsusi təyinatlı və dörd standart növ olmaqla təsnif edilir. O bildirib ki, bu il ərzində hərbi bölmələrin əməliyyat məqsədindən və məhv ediləcək obyektin xüsusiyyətlərindən asılı olaraq bütün növ döyüş başlıqlarından istifadə edə bilməsi nəzərdə tutulur.
Qeyd olunub ki, sınaq nəticəsində ikinci standart tipli kaset döyüş başlığının yüksək sıxlıqlı zərbə hesabına 12-13 hektar sahəni əhatə edən hədəfi məhv etmək qabiliyyətinə malik olduğu təsdiqlənib.





