Bakı. Trend:
Ukraynadakı münaqişə başa çatdıqdan sonra Avropa ilə Rusiya arasında münasibətlərin yeni və konstruktiv əsasda qurulması zərurəti yaranacaq. Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ-də keçirilən G20 ölkələrinin xarici işlər nazirlərinin toplantısından sonra Türkiyə mediasına açıqlamasında deyib.
“Rusiya və Ukrayna sülh sazişinə gəlməlidir. Lakin sülh əldə olunduqdan sonra Avropa ilə Rusiya arasında münasibətlərin də yeni və konstruktiv əsasda qurulması vacib olacaq. Çünki Ukrayna ilə Rusiya arasında sülh məsələsi yalnız bu iki ölkə ilə məhdudlaşmır. Müəyyən mənada Avropa da Rusiya ilə barışmalıdır. Münasibətləri yenidən bərpa etmək lazımdır. Bu, vacibdir”, – deyə Fidan bildirib.
Onun sözlərinə görə, Ukraynadakı münaqişə dünya iqtisadiyyatına ciddi zərər vurur.
“Artıq bunu heç kim gizlətmir. Uzun müddət, xüsusilə də Avropa ölkələri bu münaqişənin iqtisadi və sosial nəticələrini ört-basdır etməyə çalışırdı. Lakin indi bu vəziyyət Avropa ölkələrinin paytaxtlarında siyasi hakimiyyətə ciddi təsir göstərir”, – deyə nazir qeyd edib.
Fidan əlavə edib ki, Hörmüz boğazı ətrafında yaranmış vəziyyətin səbəb olduğu tədarük böhranı da dünya iqtisadiyyatına ciddi təsir göstərir.
O, Rusiya ilə Avropa arasında əvvəllər mövcud olmuş iqtisadi əlaqələr modelini də xatırladıb.
“Avropa iqtisadiyyatı və sənayesi Rusiyadan enerji resursları alır, həmin resurslardan istifadə edərək məhsul istehsal edir və bu məhsulları satırdı. Bu ticarət ətrafında digər iqtisadi fəaliyyət növləri və maliyyə əməliyyatları da formalaşırdı. Bütün bunlar bir-biri ilə sıx bağlı idi”, – deyə Fidan bildirib.
Türkiyənin XİN rəhbəri beynəlxalq ticarətdə yaranan əlavə çətinliklərin ümumi iqtisadi itkiləri daha da artırdığını vurğulayıb.
“Hazırda ticarətdəki fasilələrin, istər enerji, istərsə də digər sahələrdə, iqtisadi bədəlini heç kim tam hesablaya bilmir. Səhv etmirəmsə, iki gün əvvəl Almaniya kansleri yalnız enerji sahəsində Avropanın 100 milyard avro itki ilə üzləşdiyini bildirmişdi. Bütün digər amilləri də nəzərə alsaq, söhbət çox böyük itkilərdən gedir”, – deyə o qeyd edib.
Fidan, həmçinin Hörmüz boğazının bağlanmasına səbəb olan ABŞ-İran fikir ayrılıqlarının aradan qaldırılmasının vacibliyini vurğulayıb.
“Bu problemlər mümkün qədər tez həll edilməlidir ki, həyati əhəmiyyət daşıyan ticarət yolları yenidən açılsın”, – deyə nazir bildirib.





