Dünya · Qaynarinfo.az

Super El-Nino yarım milyona yaxın insanın ölümünə səbəb ola bilər

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Super El-Nino yarım milyona yaxın insanın ölümünə səbəb ola bilər xəbəri üçün şəkil

Sentyabr ayında El-Nino güclənərək müşahidələr tarixində ən güclü səviyyəyə çatıb. Bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb. Mütəxəssislərin proqnozlarına görə, iqlim hadisəsi bütün qış boyu davam edəcək.

Qaynarinfo xəbər verir ki, bu barədə “The Independent” nəşri yazır.

Sakit okeanın səthində suyun temperaturu normadan 4 dərəcə yüksək olub. Bu, 1949-cu ildə müşahidələrin başlanmasından bəri qeydə alınan ən yüksək göstəricidir.

Sinoptiklər bir neçə aydır xəbərdarlıq edirlər ki, El-Nino bu il müşahidələr tarixinin ən güclü hadisəsinə çevrilə bilər. Buna görə də onu “super El-Nino” adlandırırlar.

El-Nino bütün dünyada hava şəraitinə təsir göstərən təbii iqlim dövrünün isti fazasıdır. Bu hadisə qlobal temperaturun yüksəlməsinə və geniş ərazilərdə yağıntıların adi paylanmasının pozulmasına səbəb olur. Bəzi bölgələrdə quraqlıq, digərlərində isə güclü yağışlar müşahidə edilir. El-Nino adətən iki-yeddi ildən bir təkrarlanır.

Ümumdünya Meteorologiya Təşkilatı (ÜMT) da El-Ninonun güclənməkdə davam edəcəyini və təxminən dekabr ayında pik həddə çatacağını bildirib.

Təşkilatın baş katibi Seleste Saulo bildirib: “ÜMT-nin proqnozlarına görə, bu hadisənin 2027-ci ilin fevralınadək davam etməsi ehtimalı 100 faizə yaxınlaşır. O, ən azı 1950-ci ildən bəri ən güclü hadisələrdən birinə çevrilə bilər”.

Çikaqo Universitetinin açıqlamasına görə, El-Nino ilə əlaqəli istilər 2026-cı ilin iyunundan 2027-ci ilin fevralınadək dünyada əlavə 451 min insanın ölümünə səbəb ola bilər. Tədqiqatçıların hesablamalarına görə, ekstremal yüksək temperaturun müşahidə olunduğu günlərin sayı adi illərlə müqayisədə 44 faiz artacaq.

El-Nino hava şəraitinə hansı bölgələrdə təsir göstərəcək?

El-Nino Hindistan, Şərqi Asiya, Cənubi Amerika, Afrika və Sakit okeanın qərb hissəsində ekstremal hava hadisələrinə səbəb ola bilər.

İlk təsirlərin Hindistan, Cənubi Asiya, Mərkəzi Amerika və Afrikanın Sahel bölgəsində hiss ediləcəyi gözlənilir. Bu ərazilərdə quraqlıq proqnozlaşdırılır. Hadisə gücləndikcə onun təsiri Avstraliya və Şərqi Afrikaya da yayıla bilər.

ÜMT-nin məlumatına görə, oktyabr-dekabr aylarında Şərqi Afrikada xüsusilə güclü, lakin qısamüddətli yağışlar yağa bilər.

El-Nino, həmçinin İndoneziya, Avstraliya, Afrikanın cənubu və Karib hövzəsində quraqlığı gücləndirə bilər. Peru sahillərində və ABŞ-ın cənubunda isə güclü yağıntılar və fırtınalar ehtimal olunur.

Bu iqlim hadisəsinin Böyük Britaniyanın hava şəraitinə təsiri isə nisbətən zəifdir.

Aydın

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑