Yəmənin hökumət qüvvələri Bab əl-Məndəb boğazını və Perim adasını tamamilə nəzarətə götürüb, “Cənub nəhəngləri” briqadaları isə Dhubab rayonunda husilərlə toqquşmalara girərək onlardan bir neçəsini əsir götürüb.
Bu barədə hərbi mənbələrə istinadən “Al Arabiya English” məlumat yayıb.
Məlumata görə, “Cənub nəhəngləri” briqadaları Dhubab rayonunda husi yaraqlılarının tututlmasını əks etdirən foto və videolar yayımlayıb.
Yəmən mənbələrinin məlumatına görə, 9 sentyabr axşam saatlarında husilər bu bölgədəki mövqelərini gücləndirmək üçün Dhubabda mühasirəyə düşmüş döyüşçülərinə dəniz yolu ilə əlavə qüvvə göndəriblər.
Mənbələr həmçinin bildiriblər ki, gecə ərzində husilər Bab-əl-Məndəb boğazı istiqamətində raket hücumlarını və pilotsuz uçuş aparatları ilə zərbələri gücləndiriblər. Hərbi əməliyyatlar davam edir.
Eyni zamanda, sübh saatlarından etibarən “Yəmən Şəfəqi” əməliyyatı çərçivəsində Səədə və Səna əyalətlərindəki husi mövqelərinə hava zərbələri davam edir. Hərbi mənbələrin məlumatına görə, Yəmənin şimalında husilərin əsas istinadgahı hesab edilən Səədə əyalətinin Kitaf və Əl-Buka rayonlarına zərbələr endirilib.
Bab-əl-Məndəb boğazı beynəlxalq ticarət üçün strateji əhəmiyyətə malikdir, çünki o, Qırmızı dənizi Ədən körfəzi və Ərəbistan dənizi ilə birləşdirir.




