Yaponiya futbolunun tanınmış simalarından olan Takeşi Okada Yaponiya Futbol Assosiasiyasının (JFA) vitse-prezidenti vəzifəsindən istefa verib. O, qərarını idmanda etik prinsiplərlə beynəlxalq futbol rəhbərliyinin son addımları arasında yaranan fikir ayrılığı ilə əsaslandırıb.
Publika.az xəbət verir ki, GOAL nəşrinin məlumatına görə, 70 yaşlı mütəxəssisin istefası oktyabrın 24-dən qüvvəyə minib. 2016-cı ilin martından bu vəzifəni tutan Okada açıqlamasında idmanın cəmiyyət üçün yüksək dəyərə malik olduğuna inandığını bildirib. Onun sözlərinə görə, Dünya Kuboku ətrafında son dövrlərdə baş verənlər şəxsi prinsipləri ilə atılan addımlar arasında ciddi ziddiyyət yaradıb və bu səbəbdən vəzifədə qalmağı düzgün hesab etməyib.
İstefanın Asiya Futbol Konfederasiyasının (AFC) FİFA prezidenti Canni İnfantinoya dəstək verməsi ilə əlaqəli olduğu bildirilir. AFC bu yaxınlarda Tokioda keçirilən fövqəladə konqresdə İnfantinonun rəhbərliyinə dəstəyini bir daha ifadə edib. Konfederasiyanın prezidenti Şeyx Salman bin İbrahim əl-Xəlifə Asiya futbolunun əsas gücünün birlikdə olduğunu vurğulayıb.
Okada Yaponiya futbolunun AFC ilə eyni mövqedə dayanmasının praktiki səbəblərini və bunun ölkə futboluna mümkün təsirlərini anladığını, lakin bu yanaşmanı şəxsi prinsipləri ilə uzlaşdıra bilmədiyini bildirib.
JFA prezidenti Tsuneyasu Miyamoto isə Asiya ölkələri arasında həmrəyliyin əhəmiyyətini vurğulayıb. O, FİFA rəhbərliyinə dəstəyin AFC-nin ümumi mövqeyi ilə uyğunlaşdığını və bunun Yaponiya futbolunun beynəlxalq əlaqələri baxımından vacib olduğunu qeyd edib. Miyamoto Okadanın qərarına hörmətlə yanaşdığını bildirsə də, federasiyanın regional əməkdaşlığa üstünlük verməli olduğunu deyib.
Qeyd edək ki, Takeşi Okada Yaponiya milli komandasına 1998 və 2010-cu illərdə keçirilən dünya çempionatlarında baş məşqçilik edib. O, istefasına görə təəssüfləndiyini, lakin qərarı uzun müddət düşündükdən sonra verdiyini söyləyib.

