ABŞ-nin Alabama ştatında sosial şəbəkələrdə Prezident Donald Trampı təhdid etməkdə ittiham olunan 36 yaşlı qadın həbs edilib.
News24.az xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyi məlumat yayıb.
“ABŞ Dairə Məhkəməsinə təqdim edilmiş iki bənddən ibarət ittiham aktında Kortlenddən (Alabama ştatı) olan 36 yaşlı Meqan Lorreyn Utz Birləşmiş Ştatlar prezidentinin ünvanına təhdidlər səsləndirməkdə, eləcə də, təhdidləri ştatlararası səviyyədə ötürməkdə ittiham olunur”, - deyə bildirilib.
Qurumun məlumatına görə, oktyabrın 5-də Kortlend sakini Utz Trampın Taskalusadakı futbol matçına gözlənilən səfəri ilə əlaqədar “Facebook”da təhdid xarakterli paylaşım edib.
O, Federal Təhqiqat Bürosunun (FTB), Məxfi Xidmətin və Florens polisinin əməkdaşları tərəfindən aşkar edilərək saxlanılıb.






