Rusiya Silahlı Qüvvələri ötən gecə Ukraynada hərbi obyektlərə və nəqliyyat infrastrukturuna kütləvi zərbələr endirib. Hücum nəticəsində Kiyevdə Dnepr çayı üzərində yerləşən və paytaxtın əsas avtomobil yollarını birləşdirən Cənub körpüsünə ziyan dəyib.
Modern.az xəbər verir ki, bu barədə “Lenta.ru” nəşri məlumat yayıb.
Kiyev meri Vitali Kliçkonun sözlərinə görə, körpüdən keçən metro xətti də zədələnib. Ukraynalı rəsmi özünün “Telegram” kanalında gecə hücumundan sonra körpüdə yaranmış fəsadları əks etdirən görüntülər paylaşıb.
O, hazırda metro qatarlarının hərəkətinin dayandırıldığını bildirib.
Hazırda mütəxəssislər Cənub körpüsünə dəymiş ziyanın dərəcəsini qiymətləndirirlər. Bu səbəbdən körpü üzərində hərəkət tamamilə bağlanıb.
Qeyd edək ki, oktyabrın əvvəlindən etibarən Ukraynanın paytaxtında Dnepr çayı üzərindəki körpülərin yaxınlığında partlayışların baş verməsi barədə dəfələrlə məlumat yayılıb.
Cənub körpüsü Ukraynanın müxtəlif bölgələri arasında hərbi yüklərin daşınması üçün istifadə olunan əsas nəqliyyat obyektlərindən biri hesab edilir.
Bundan başqa, körpü Kiyevin əsas avtomobil magistrallarını, o cümlədən Kiyev–Odessa, Kiyev–Çop və Kiyev–Xarkov yollarını birləşdirir.




