Ermənistan parlamentindəki “Hayastan” fraksiyası (Robert Köçəryanının partiyası) hökumətin yeni Konstitusiya layihəsinin referenduma çıxarılması təklifini dəstəkləməyəcək.
Fraksiyanın rəhbəri Anna Qriqoryanın sözlərinə görə, belə bir səsvermədə layihənin lehinə mövqe tutmaq seçicilərin onlara verdiyi mandat və seçkiqabağı vədlərlə ziddiyyət təşkil edərdi.
Modern.az xəbər verir ki, Qriqoryan bu barədə Ermənistan parlamentində jurnalistlərə açıqlamasında, hökumətin müxalifətin dəstəyi ilə konstitusiya referendumu keçirmək təklifini şərh edərkən bildirib.
Onun sözlərinə görə, Konstitusiyaya dəyişiklik edilməsi məsələsi yeni deyil. Hökumət və müxalifət seçkilər zamanı bu məsələ ilə bağlı fərqli mövqelər ortaya qoyublar.
A.Qriqoryan qeyd edib ki, referendumun keçirilməsi üçün parlamentdə geniş razılıq əldə olunmalıdır. Bu, gündəlikdəki məsələ ilə bağlı siyasi qüvvələr arasında ortaq mövqenin formalaşması baxımından vacibdir. Hazırda isə belə bir razılıq yoxdur və siyasi qüvvələrin mövqeləri bir-birinə ziddir.
Müxalifətə ictimai təzyiq göstərilməsi ehtimalı ilə bağlı sualı cavablandıran fraksiya rəhbəri bunun onların qərarını dəyişməyəcəyini vurğulayıb.
“Nikol Paşinyan öz fraksiyasının bütün üzvlərini, siyasi komandasını və insanları toplayaraq təzyiq göstərməyə çalışsa belə, bu, mövqeyimizə təsir etməyəcək”, – deyə o bildirib.
Anna Qriqoryan hökumətin yeni Konstitusiyanın qəbulu ilə bağlı hazırkı gündəliyini Azərbaycanın tələbləri ilə əlaqələndirib. O, bu kontekstdə Ermənistan Respublikasının Müstəqillik Bəyannaməsinə istinadın aradan qaldırılmasını da tənqid edib.



