Hökumətə qarşı və təhsil şəraitinin yaxşılaşdırılması tələbi ilə keçirilən tələbə etirazları paytaxt Tiranadan ölkənin bir sıra şəhərlərinə yayılıb.
KONKRET.az xəbər verir ki, oktyabrın 15-də aksiyalar Şkodra, Korça və bir neçə sahilyanı şəhərdə baş tutub.
Tiranada polislə toqquşmalar ardıcıl üçüncü gündür davam edir. Etirazçılar daş atır, mağaza vitrinlərini sındırır, barrikadalar qurur və zibil qutularını yandırırdılar. Polis su təzyiqli maşınlardan və gözyaşardıcı qazdan istifadə edib.
Şkodrada etirazçılar bələdiyyə binasının pəncərələrini sındırıb, Sosialist və Demokratik partiyaların ofislərinə daş atıblar. Korçada məktəb binalarının pəncərələri sındırılıb, küçələr bağlanıb. Bir neçə yerdə polislə toqquşma olub.
Aksiya iştirakçıları Baş nazir Edi Ramanın istefasını, təhsil şəraitinin yaxşılaşdırılmasını, təhsil haqqının azaldılmasını və ölkədə korrupsiyaya qarşı mübarizəni tələb edirlər.

Polisin məlumatına görə, oktyabrın 14-də polis əməkdaşlarına, hakimiyyət orqanlarına, ictimai müəssisələrə və şəxsi mülkiyyətə hücumda şübhəli bilinən 65 nəfər saxlanılıb. Səhiyyə Nazirliyi 89 nəfərin tibbi yardıma ehtiyac duyduğunu, onların 61-nin polis əməkdaşı olduğunu bildirib.
Rama zorakılıqda müxalifəti günahlandırıb və universitet şəhərciyindəki dağıntıların “tələbələrin əməli ola bilməyəcəyini” deyib. Albaniyada kütləvi etirazlar may ayının sonundan davam edir.
Natiq Səlim,
KONKRET.az





