“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Misli Premyer Liqasının yeddinci turunda “Neftçi” ilə qolsuz başa çatan görüşdən sonra fikirlərini bölüşüb.
İdman.Biz xəbər verir ki, litvalı mütəxəssis oyunsonrası mətbuat konfransında qarşılaşmanın o qədər də baxımlı alınmadığını etiraf edib.
“Bir xal qazandıq, yoxsa iki xal itirdik? Çox yaxşı sualdır. İndiki mərhələdə bunu demək tezdir. Bəzən itirilən xalları geri qaytarmaq mümkündür. Cəmi altı oyun keçirmişik, qarşıda daha 27 matç var. İki güclü komanda qarşılaşdı. Oyun bir qədər baxımsız alındı, daha keyfiyyətli futbol görmək istərdim. Bəzən üstünlük bir komandada, bəzən digərində idi. Bu, mənim üçün gözlənilən idi. Fasilədən sonra futbolçular bəzən oyun ritmini itirirlər. Bəzi oyunçular bu görüşə qədər bizimlə cəmi bir məşq keçirmişdilər. Ritmimizi bərpa etməli və “Slaviya” ilə çətin matça hazırlaşmalıyıq”.
Dambrauskasdan Çempionlar Liqasındakı oyunlara daha yaxşı hazırlaşmaq üçün “Neftçi” ilə görüşün niyə təxirə salınmadığı da soruşulub.
“Əlbəttə, bu, mümkün deyildi. Bu matçı təxirə salsaq, onda “Borussiya” və “Barselona” ilə oyunlardan əvvəlki görüşləri də təxirə salmalı olacağıq. Bu, mümkün deyil və buna ehtiyac da yoxdur. Bir neçə cəbhədə mübarizə aparmaq üçün kifayət qədər geniş heyətimiz var. Hər oyundan əvvəl ciddi hazırlıq gedir və inkişafımızı davam etdirməliyik”.
Mütəxəssis sıx oyun qrafiki ilə bağlı suala da münasibət bildirib:
“Bəzən belə sualları başa düşmürəm. Çətin olub-olmamasından asılı olmayaraq, mənim işim futbolçuları bu cür matçlara hazırlamaqdır. Bunu yerinə yetirməyə borcluyam. Hər kəs çətinliklərlə üzləşir. Siz də mətbuat konfranslarına gəlir, materiallarınızı yazırsınız. Hər kəs öz işini görməlidir. Nəticə yaxşı olanda hamıya elə gəlir ki, işləmək asandır”.
Dambrauskas Umarali Rəhmonəliyev, Aleksey İsayev və Coy-Lens Mikelsin start heyətində yer almamasının səbəbini də açıqlayıb:
“Mən həmişə beynəlxalq fasilə zamanı bizimlə qalan futbolçulara daha çox şans verməyə çalışıram. Milli komandalardan qayıdan oyunçular yorğun ola bilərlər. Şəxsən nəzarət edə bildiyim məsələlərə daha çox güvənirəm. Timoteuş Puxaç istisna olmaqla, start heyətində meydana çıxanların hamısı fasilə zamanı bizimlə məşq edib. Xaybulayev üç məşqdə iştirak edib. Bu gün onlara şans verdik”.
Baş məşqçi ötən mövsümlə müqayisədə komandanın hazırkı nəticələrindən razı qaldığını bildirib:
“Ötən mövsüm avrokuboklarla erkən vidalaşdıq. Həmin vaxt çempionatın ilk turlarında beş xal itirmişdik. Bu mövsüm isə altı oyundan sonra cəmi iki xal itirmişik. Şikayət etməyə əsasımız yoxdur”.
Dambrauskas qapısını toxunulmaz saxlayan Stas Pokatilovu xüsusi fərqləndirməyib. O, matçın qəhrəmanlarını müəyyənləşdirməyin jurnalistlərin işi olduğunu vurğulayıb.




