Tailandda gənclər arasında keçirilən qolf turniri faciə ilə nəticələnib. Yarış zamanı ildırım vuran 15 yaşlı Eyyavarin Pradubyart həkimlərin səylərinə baxmayaraq, həyatını itirib.
İdman.Biz xəbər verir ki, hadisə noyabrın 1-də ölkənin Çaçenqsau əyalətində baş verib. İldırım birbaşa qolf meydançasında olan yeniyetmə idmançıya dəyib. Onun yanında olan və yarış zamanı kömək göstərən 31 yaşlı keddi də xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə gələn xilasedicilər gənc qolfçunun ürəyinin dayandığını müəyyən ediblər. Aparılan reanimasiya tədbirləri nəticəsində onun nəbzini bərpa etmək mümkün olub.
Zərərçəkən əvvəlcə Banq Nam Priao rayon xəstəxanasına çatdırılıb, daha sonra Buddhasothorn xəstəxanasına köçürülüb. Lakin həkimlərin bütün səylərinə baxmayaraq, Eyyavarin noyabrın 2-də səhər saatlarında vəfat edib.
Faciədən sonra idmançının ailəsi yarışın təşkilatçılarını təhlükəsizlik tədbirlərinə lazımi diqqət yetirməməkdə ittiham edib.
Yeniyetmənin anası və nənəsinin sözlərinə görə, hava şəraiti pisləşməsinə baxmayaraq, turnir vaxtında dayandırılmayıb. Onlar hadisədən əvvəl yaxınlıqda iki dəfə ildırım çaxdığını bildiriblər.
Ailə üzvləri həmçinin yarışın keçirildiyi ərazidə növbətçi təcili yardım avtomobilinin olmadığını iddia edirlər. Onların fikrincə, bu səbəbdən yaralı idmançının xəstəxanaya çatdırılması gecikib.
Hələlik yarışın təşkilində təhlükəsizlik qaydalarının pozulub-pozulmadığına dair rəsmi nəticə açıqlanmayıb.






