Fransalı futbol jurnalisti David Riolo Madrid “Real”ının və Fransa millisinin hücumçusu Kilian Mbappenin son davranışlarını sərt tənqid edib.
İdman.Biz xəbər verir ki, Riolo “RMC” radiosunun “After Foot” proqramında futbolçunun zədələndikdən sonrakı hərəkətlərinə münasibət bildirib.
“Mən artıq düşünməyə başlayıram: Mbappenin hələ də futbol oynamaq həvəsi varmı? O, nə istəyir? Sanki hər səhər “Bu gün yenə nəyisə korlayacağam” düşüncəsi ilə oyanır. O, belə səhvləri təkrarlamağa davam edə bilməz.
Mbappe zədəli idi, amma Parisdə gəzirdi. Heç olmasa, müsbət mesaj ver. “Stad de Frans”a gəl - istəmir. Madriddə qal - istəmir. Gecə klubunun çıxışında görünmə - yenə istəmir. Bəsdir! Artıq həddi aşırsan.
Məndə belə təəssürat yaranıb ki, o, psixoloji baxımdan yaxşı vəziyyətdə deyil. Futbol, ətrafında baş verənlər və ondan gözlənilənlər Mbappeni yorub. Onun nə etmək istədiyini başa düşmürəm. Bu cür münasibət sonda hamıdan uzaqlaşmasına səbəb olacaq”, - deyə Riolo vurğulayıb.
Xatırladaq ki, Mbappe Fransa millisinin UEFA Millətlər Liqasında Türkiyəyə 1:0 hesabı ilə qalib gəldiyi oyunda zədələnib. Bundan sonra futbolçu əvvəlcə Parisdəki gecə klublarından birində görüntülənib, daha sonra isə velosiped sürdüyü videonu sosial şəbəkədə paylaşıb.






