Rusiyalı MMA döyüşçüsü Movsar Evloyev peşəkar karyerasında ilk məğlubiyyətini aldıqdan sonra rəqibi Aleksandr Volkanovskinin ünvanına xoş sözlər söyləyib.
İdman.Biz xəbər verir ki, Evloyev Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən UFC 333 turnirinin əsas döyüşündə avstraliyalı idmançıya ikinci raundda texniki nokautla uduzub. Bununla da o, yarımyüngül çəkidə çempionluq kəmərini qazanmaq fürsətini əldən verib.
Döyüşdən sonra məğlubiyyətini şərh edən 32 yaşlı idmançı Volkanovskinin ustalığını yüksək qiymətləndirib.
“Volkanovski yaxşı şərab kimidir, yaşı artdıqca daha da yaxşılaşır. O, çox güclüdür. Burada olmaq imkanı qazandığım üçün təşəkkür edirəm. Bu gün ən yaxşı olduğumu sübut edə bilmədim. İndi evə qayıdıb dincəlməliyəm. Aleks böyük çempiondur. Başqa birinə uduzmaqdansa, belə bir idmançıya məğlub olmağı üstün tutaram”, - deyə Evloyev söyləyib.
Bu qarşılaşmaya qədər keçirdiyi 20 döyüşün hamısında qalib gələn rusiyalı idmançının məğlubiyyətsiz seriyası başa çatıb.
38 yaşlı Volkanovski isə peşəkar MMA karyerasında 29-cu qələbəsini qazanaraq yarımyüngül çəkidə UFC çempionluq titulunu qoruyub. Onun hesabında dörd məğlubiyyət də var.






