FIFA prezidenti Canni İnfantino Bakıda keçirilən 15 yaşadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının açılış mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyevlə birgə keçirdiyi vaxt barədə paylaşım edib.
İdman.Biz xəbər verir ki, FIFA rəhbəri instaqram hesabında dövlət başçısı ilə Azərbaycan millisinin açılış oyununu izləməkdən məmnunluğunu ifadə edib.
“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə birlikdə ilk FIFA U-15 dünya çempionatı və festivalında Azərbaycanın açılış oyununu izləmək üçün gözəl fürsətim oldu. Bu əlamətdar qarşılaşmanı seyr edərkən futbola olan ortaq sevgimizdən, həmçinin bu oyunun insanlara ümid vermək, üzlərdə təbəssüm yaratmaq, körpülər qurmaq və ömürlük dostluqlar formalaşdırmaq kimi sehrli gücündən danışdıq”, - deyə İnfantino yazıb.
FIFA prezidenti yarışın Bakıda təşkilində Azərbaycan rəhbərliyinin rolunu xüsusi vurğulayıb:
“Prezident İlham Əliyevin və onun rəhbərlik etdiyi hökumətin dəstəyi bu yarışın Bakıda keçirilməsində həlledici rol oynayıb. FIFA-ya üzv 189 assosiasiyadan olan gənc istedadlara arzularını dünya səhnəsində gerçəkləşdirmək imkanı yaratmaq üçün birlikdə çalışdığımızdan qürur duyuruq”.
İnfantino digər paylaşımında da turnirin açılış mərasimini yüksək qiymətləndirərək Prezident İlham Əliyevə, Baş nazirin müavini Samir Şərifova, Azərbaycan hökumətinə, AFFA prezidenti Rövşən Nəcəfə, FIFA-dakı həmkarlarına və yarışın təşkilində əməyi olan hər kəsə təşəkkür edib.
“Biz hər bir gənc istedada şans veririk və altı konfederasiyanın hamısından FIFA-ya üzv 189 assosiasiyanı təmsil edən gəncləri bir araya gətiririk”, - deyə FIFA rəhbəri vurğulayıb.
Qeyd edək ki, oktyabrın 24-də Bakı Kristal Zalında keçirilən rəsmi açılış mərasimində Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, ailə üzvləri və FIFA prezidenti Canni İnfantino iştirak ediblər.
Açılış mərasimindən sonra Azərbaycan millisi Timor-Leste yığmasını 6:0 hesabı ilə məğlub edib.






