“Tottenhem”in baş məşqçisi Roberto De Zerbi İngiltərə Premyer Liqasının səkkizinci turunda “Çelsi” üzərində 2:0 hesablı qələbəni şərh edib.
İdman.Biz "Sky Sports"a istinadən xəbər verir ki, italiyalı mütəxəssis komandasının həm psixoloji, həm də oyun baxımından ciddi irəliləyiş əldə etdiyini bildirib.
“Bu qələbə azarkeşlər, klub və futbolçular üçün böyük hadisədir. Onlar qələbəyə layiq idilər, çünki oyuna ciddi hazırlaşmışdılar. Biz psixoloji baxımdan, komanda daxilindəki münasibətlər və meydandakı hərəkətlərimiz baxımından xeyli inkişaf edirik.
“Aston Villa” və “Everton”la görüşlərdə 30 dəqiqə ərzində çox yaxşı oynamışdıq. Mentalitetimizi dəyişmişik, indi əsl komandayıq. Futbolçular daha yaxşı oynamağa başlayıblar, oyun üslubumuz üzərində işləmişik. Paltardəyişmə otağında və ya şam yeməyində birlikdə vaxt keçirəndə yeni münasibətləri görür, fərqli atmosferi hiss edirəm”, - deyə De Zerbi vurğulayıb.
Baş məşqçi komandanın əvvəlki uğursuz nəticələrini də xatırladıb:
“Bu gün xarakter göstərdik, amma komandamızda çoxlu yeni futbolçu var. Burada daha uzun müddətdir çıxış edən oyunçular son nəticələri çox ağır qəbul edirdilər. Komanda iki dəfə çempionatı 17-ci yerdə başa vurub. Biz klubun tarixindəki bu son dövrü dəyişmək üçün çalışırıq. Bəxtimiz gətirib ki, paltardəyişmə otağımızda gözəl insanlar və əla futbolçular toplaşıb. Düşünürəm ki, kifayət qədər səy göstərsək, mühüm işlər görə bilərik”.
Qeyd edək ki, “Stemford Bric” stadionunda keçirilən qarşılaşmada “Tottenhem”in qolları 77-ci dəqiqədə Mayk Pendersin avtoqolu və 87-ci dəqiqədə Matis Telin dəqiq zərbəsi ilə vurulub.






