“Mercedes” pilotu, britaniyalı Corc Rassel "Formula-1" üzrə Sinqapur Qran-prisinin yeganə sərbəst yürüşündə ən yaxşı nəticəni göstərib.
İdman.Biz-in "Reuters" agentliyinə istinadən xəbər verir ki, britaniyalı pilot “Marina Bey” şəhər trasında ən sürətli dövrəni 1 dəqiqə 32,274 saniyəyə başa vurub. “Ferrari”nin pilotu Şarl Lekler liderdən 0,198 saniyə geri qalaraq ikinci, “McLaren”in hazırkı dünya çempionu Lando Norris isə 0,273 saniyə fərqlə üçüncü olub.
“Ferrari”nin digər pilotu Lyuis Hemilton dördüncü, “McLaren”dən Oskar Piastri beşinci yeri tutub. Məşq zamanı radio rabitəsində problemlə üzləşən “Red Bull” pilotu Maks Ferstappen isə altıncı olub.
Rassel Sinqapurda “Mercedes”in W17 bolidinin əvvəlki aerodinamik konfiqurasiyasına qayıdıb. Məhz bu versiya ilə britaniyalı pilot Azərbaycan Qran-prisində poul-pozisiyanı qazanaraq yarışın qalibi olmuşdu.
Çempionatın lideri, onun komanda yoldaşı Kimi Antonelli isə yenilənmiş boliddən istifadə etməyə davam edib və Rasseldən 1,251 saniyə geri qalaraq yeddinci yeri tutub. Qeyd edək ki, italiyalı pilot yumşaq təkərlərdən istifadə etməyib.
Məşqdə ən yaxşı nəticəni göstərməsinə baxmayaraq, Rassel bazar günü keçiriləcək yarışa start düzülüşünün sonundan başlayacaq. Buna səbəb Malayziyada əvvəlki mərhələdə texniki nasazlıq üzündən yarışı dayandırdıqdan sonra güc qurğusunun komponentlərini dəyişdirdiyinə görə aldığı cəzadır.
Digər texniki problem “Audi” pilotu Niko Hülkenberqin bolidində qeydə alınıb. Sürətlər qutusunda yaranan nasazlıq almaniyalı pilotun məşqi vaxtından əvvəl başa vurmasına səbəb olub.
Qeyd edək ki, Sinqapur Qran-prisi ilk dəfə sprint formatında keçirilir. Cümə günü daha sonra sprint yarışının sıralanma turu baş tutacaq.




