“Barselona”nın futbolçusu Karim Adeyemi İspaniya La Liqasının növbəti turunda “Xetafe” ilə keçiriləcək qarşılaşmada start heyətində meydana çıxmağa əsas namizədlərdən biridir.
İdman.Biz “Diario sport”a istinadən xəbər verir ki, almaniyalı futbolçu beynəlxalq fasilədə milli komandanın heyətində cəmi iki matçda iştirak edib. Bu isə ona klubdakı bəzi komanda yoldaşları ilə müqayisədə daha çox istirahət etmək imkanı verib.
Adeyeminin əsas rəqiblərindən biri olan ingiltərəli Entoni Qordon isə milli komandanın daha çox oyununda iştirak edib. Bu amilin almaniyalı futbolçunun start heyətində yer almaq şansını artırdığı bildirilir.
Qeyd edək ki, “Barselona” oktyabrın 10-da La Liqanın növbəti turunda “Xetafe”ni qəbul edəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.



