Misli Premyer Liqasının VII turunda evdə “Kəpəz”ə 0:2 hesabı ilə məğlub olan “Araz-Naxçıvan”ın baş məşqçisi Yuri Maksimov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırdı.
Futbolpress.az xəbər verir ki, ukraynalı mütəxəssis ilk növbədə qarşılaşma haqqında fikirlərini bölüşdü:
– Turnir cədvəlinin aşağı pillələrində qərarlaşdığımız üçün mövqeyimizi yaxşılaşdırmaq həyati əhəmiyyət kəsb edirdi. Futbolçular meydançaya yaxşı əhval-ruhiyyə ilə çıxmışdılar və oyunun müəyyən hissələrində qarşılaşmaya nəzarət etməyə çalışırdıq. Lakin kobud fərdi səhvlər ucbatından qapımızda qollar gördük. Buraxılan topdan sonra tələsməyə başladıq, bu isə oyun intizamını pozdu və istədiyimiz futbolu göstərməyə imkan vermədi.
– Rəqibin hücum xəttinə qarşı xüsusi hazırlığınız var idi?
– Bəli, “Kəpəz”in “Sumqayıt”la keçirdiyi matçı izləmişdik və onları təhlil etmişdik. Rəqibin heyətində sürətli və hücuma meyilli futbolçuların olduğunu bilirdik, hər birinin oyununu ayrıca təhlil etmişdik. Lakin yenə də buraxdığımız kobud səhv planlarımızı alt-üst etdi. Hesabda geriyə düşdükdən sonra məcburən tam fərqli futbol oynamağa başladıq, tələskənliyə yol verdik. Təəssüf ki, rəqib fürsətlərini dəyərləndirdiyi halda, biz fərqlənə bilmədik. Artıq bu oyunu geridə qoyub növbəti turlara hazırlaşmalıyıq.
Ayxan Zayıdzadə




