İngiltərənin “Arsenal” futbol komandasının baş məşqçisi Mikel Arteta Liqa Kubokunda “Fleetvud”la oyunda qırmızı vərəqə alan 16 yaşlı Maks Doumenə dəstək verib.
İdman.Biz xəbər verir ki, ispaniyalı mütəxəssis bu epizodun geridə qaldığını bildirib.
“Bu, bağlanan səhifədir. Hamımız üçün dərs çıxarılmalı an idi və irəli gedirik. Uğursuz anlardan dərs çıxarırsan, böyük anlardan da öyrənməlisən. O, prosesə tam qoşulub”, - deyə Arteta qeyd edib.
Doumen bu gün Çexiyanın “Slaviya” futbol komandası ilə oyunda əsas heyətdə yer alsa, “Arsenal”ın Çempionlar Liqası tarixində əsas heyətdə çıxan ən gənc futbolçusu olacaq. Gənc futbolçunun cəzası bu oyuna şamil edilmir, çünki qırmızı vərəqəni Liqa Kubokunda alıb.
Uilyam Saliba tam məşqlərə qayıdıb və komanda ilə Praqaya gedib. Arteta müdafiəçinin çox yaxşı vəziyyətdə olduğunu deyib. Bukayo Saka hələ sıradan kənardır, Eberechi Ezenin iştirakı isə sual altındadır.
Çərşənbə axşamı keçirilən oyunlardan sonra “Arsenal” cədvəldə doqquzuncu pilləyə enib. Qələbə qazanacağı halda Londonun təmsilçisi ən azı beşinci yerə yüksələcək. “Slaviya” isə 2007-ci ildən bəri Çempionlar Liqasında qələbə qazanmayıb.
Görüş bu gün Praqadakı “Fortuna Arena”da keçiriləcək və Bakı vaxtı ilə saat 23:59-da başlayacaq.
Qeyd edək ki, “Arsenal” əvvəlki matçında səfərdə “Liverpul”u 1:0 hesabı ilə məğlub edib.



