ABŞ prezidenti Donald Tramp İrana qarşı birtərəfli sanksiyaları nəzərdə tutan fövqəladə vəziyyət rejiminin müddətini daha bir il uzadıb.
Gununesi.info xəbər verir ki, bu barədə Trampın ABŞ hökumətinin Federal Reyestrdə dərc edilmiş bəyanatında bildirilib.
Bəyanatda qeyd olunub ki, ABŞ-ın İranla münasibətləri hələ normallaşmayıb və 1981-ci il yanvarın 19-da imzalanmış Əlcəzair razılaşmalarının icrası prosesi davam edir. Həmin razılaşmalar 1979-cu il inqilabından sonra Tehranda bir ildən artıq girov saxlanılan amerikalı diplomatların azad edilməsinə səbəb olub.
Tramp bildirib ki, bu səbəbdən 1979-cu il noyabrın 14-də elan edilmiş fövqəladə vəziyyət rejimi və həmin vaxt İrana qarşı tətbiq olunan tədbirlər 2026-cı il noyabrın 14-dən sonra da qüvvədə qalmalıdır.
Qeyd edək ki, ABŞ-ın sabiq prezidenti Cimmi Karter 1979-cu il noyabrın 14-də Tehranda amerikalıların girov götürülməsinə cavab olaraq 12170 saylı sərəncam imzalayıb. Sərəncama əsasən, ABŞ-dakı bütün rəsmi İran aktivlərinin, o cümlədən bank hesablarının dondurulması barədə göstəriş verilib. 1980-ci il aprelin 7-də isə Karter Tehranla diplomatik münasibətləri kəsib və İrana ərzaq və dərman vasitələri də daxil olmaqla, bütün məhsulların ixracını qadağan edib. Sonradan ABŞ İrandan mal idxalına da embarqo qoyub və amerikalıların İrana səfərlərinə qadağa tətbiq edib.



