Almaniyanın müdafiə naziri Boris Pistorius ABŞ Konqresinə keçirilən seçkilərdə demokratları “tarixi qələbə” münasibətilə təbrik edib və NATO-da Avropanın rolunun gücləndirilməsinə çağırıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Deutsche Welle” məlumat yayıb.
Pistorius paytaxtda keçirilən Berlin Təhlükəsizlik Konfransında çıxışı zamanı bildirib ki, Almaniya bundan sonra da demokratlarla sıx əlaqələr saxlamağa çalışacaq.
Bununla yanaşı, nazir Almaniya hökumətinin ABŞ Prezidenti Donald Trampın administrasiyası ilə etibarlı münasibətləri qoruyub saxlamaq niyyətində olduğunu vurğulayıb. Onun sözlərinə görə, Trampın administrasiyası qarşıdakı iki il ərzində hakimiyyətdə qalacaq.
Pistorius seçkilərin nəticələrinin Vaşinqtonun siyasətinə necə təsir göstərəcəyini indidən müəyyənləşdirməyin çətin olduğunu deyib. O bildirib ki, bu, əsasən ABŞ prezidentinin seçkilərdən sonra hansı addımları atacağından asılı olacaq.
Almaniyanın müdafiə naziri NATO-da Avropanın mövqeyinin gücləndirilməsinin vacibliyini də diqqətə çatdırıb. O xatırladıb ki, ABŞ son illərdə diqqətini getdikcə daha çox Hind-Sakit okean regionuna və dünyanın digər bölgələrinə yönəldir.
Pistoriusun fikrincə, bu şəraitdə NATO transatlantik alyans olaraq qalmaq üçün daha çox Avropanın imkanlarına söykənməlidir.
Əliyar Xəlil



