Dünya · Konkret.az

Dünyanı silkələyən tarixi foto - Bu, Amerika üçün bir utanc şəkli idi | KONKRET

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Dünyanı silkələyən tarixi foto - Bu, Amerika üçün bir utanc şəkli idi | KONKRET xəbəri üçün şəkil

ABŞ-ın Florida ştatında, 1964-cü ildə baş vermiş hadisə. Otel sahibi hovuzda afroamerikalıların üzdüyünü görərək suya turşu tökür. Bu anı əks etdirən fotoşəkil isə sonradan bütün dünyada yayılaraq irqi ayrı-seçkiliyin ən dəhşətli simvollarından birinə çevrilir.

İnanmaq çətindir, amma cəmi yarım əsrdən bir qədər əvvəl ABŞ-da insanlar dəri rənginə görə sərt şəkildə ayrı-seçkiliyə məruz qalırdılar. Dərinin rənginə görə insanın hüquqları məhdudlaşdırıla, hətta həyatı təhlükə altına düşə bilərdi.

Hadisə 1964-cü ildə Florida ştatının Sent-Oqastin şəhərində baş verib. Afroamerikalıların vətəndaş hüquqları uğrunda mübarizə apardığı həmin dövrdə bir qrup gənc qadın istirahət etmək üçün şəhərə gəlir.

Onların qaldığı Monson Motor Lodge otelində ciddi irqi ayrı-seçkilik hökm sürürdü. Hovuzdan yalnız ağdərili qonaqlar istifadə edə bilərdi. Afroamerikalılar isə yalnız onlar üçün ayrılmış çimərliklərə gedə bilərdilər.

Lakin gənc qadınlardan biri bu qadağaya etiraz edərək rəfiqələri ilə birlikdə otelin hovuzuna girir. Buna qəzəblənən otel sahibi Co Braun suya muriatik turşu (xlorid turşusu) tökür. O, bunu hovuzu təmizləmək məqsədilə etdiyini iddia edir.

Hovuzda olan insanlar təşvişə düşür. Hadisə zamanı qadınların qorxu və ağrı içində yaşadığı anlar fotoqraf tərəfindən lentə alınır. Həmin kadr sonradan ABŞ tarixində irqi ayrı-seçkiliyə qarşı mübarizənin ən təsirli fotolarından birinə çevrilir.

Hadisə yerinə gələn polis əməkdaşları isə zərərçəkənlərə yardım göstərmək əvəzinə hovuzdakı etirazçılara qarşı sərt tədbirlər görür və onları həbs edirlər.

Ertəsi gün hadisəni əks etdirən fotoşəkil qəzetlərdə dərc olunur. Şəkil ABŞ-da böyük rezonans doğurur, ölkə ictimaiyyətinin diqqətini irqi ayrı-seçkiliyin acı reallığına yönəldir. Qısa müddət ərzində fotoşəkil beynəlxalq ictimaiyyətə də yayılır.

Beləliklə, bir otelin hovuzunda baş verən bu hadisə təkcə irqi ayrı-seçkiliyin deyil, həm də insan hüquqları uğrunda mübarizənin tarixə düşmüş simvollarından birinə çevrilir.

Rəsmiyyə Şərifova,
KONKRET.az

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑