İdman · Globalinfo.az

“Sabah” – “Barselona” matçına satılan biletlər… – TƏHLÜKƏ VAR

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“Sabah” – “Barselona” matçına satılan biletlər… – TƏHLÜKƏ VAR xəbəri üçün şəkil

Çempionlar Liqası çərçivəsində keçiriləcək “Sabah” – “Barselona” oyununa TikTok vasitəsilə bilet almaq istəyən şəxs dələduzluğun qurbanı olub. Sosial şəbəkələrdə bilet satışı adı ilə insanları aldadan şəxslərin bank kartlarından pul çıxardıqları bildirilir. Belə hallardan zərər çəkənlərdən biri cəmi bir dəqiqə ərzində kartından 220 manat çıxıldığını deyib.

Vətəndaşlar bu hallarda kart məlumatlarını necə qoruya bilərlər? Dələduzluq nəticəsində itirilmiş pulların geri qaytarılması mümkündürmü?

Globalinfo.az-a danışan İT Station MMC-nin direktoru və kibertəhlükəsizlik mütəxəssisi Bünyad Həbibov deyib ki, bilet alarkən TikTok, İnstaqram və digər qeyri-rəsmi səhifələrə etibar etmək düzgün deyil:

“Biletləri yalnız rəsmi satış platformalarından almaq lazımdır. Tanımadığınız şəxslərə bank kartınızın məlumatlarını, xüsusilə CVV kodunu və telefonunuza gələn təsdiq kodlarını vermək olmaz. Bu cür hallarda dələduzlar insanların tədbirlərə olan marağından istifadə edərək saxta bilet elanları paylaşırlar. İnsanlar bilet almaq istəyərkən kart məlumatlarını təqdim edir və nəticədə hesablarından pul çıxarılır”.

Mütəxəssisin fikrincə, rəsmi bilet satış platformaları bir nəfərin maksimum neçə bilet ala biləcəyinə limiti azaltmalıdır:

“Xüsusilə tələbatın yüksək olduğu futbol oyunları və digər tədbirlər zamanı bəzi şəxslər çoxlu sayda bilet alaraq sonradan onları daha baha qiymətə satırlar. Bu da həm biletlərin əlçatanlığını azaldır, həm də insanları qeyri-rəsmi satış səhifələrinə yönəldə bilir.

Digər vacib məsələ insanların rəqəmsal təhlükəsizlik barədə məlumatlı olmasıdır. Onlayn ödəniş zamanı telefona gələn təsdiq kodunu heç kimlə paylaşmaq olmaz. Həmçinin, 3D Secure təsdiqinin tələb olunması ödənişin təhlükəsizliyini artıra bilər, lakin bu, bütün dələduzluq hallarından tam qorunma demək deyil”.

WhatsApp Image 2026 10 26 at 15.00.49

Bünyad Həbibov

B.Həbibov qeyd edib ki, artıq XXI əsrdə dələduzlar insanlarla üz-üzə gəlmədən, internet vasitəsilə öz əməllərini həyata keçirirlər:

“Buna görə də hər kəsi diqqətli olmağa, şübhəli elanlara inanmamağa və biletləri yalnız rəsmi platformalardan almağa çağırıram. Əgər kartınızdan xəbəriniz olmadan pul çıxılarsa, dərhal bankla əlaqə saxlayaraq kartı bloklatmaq, əməliyyat barədə məlumat vermək və pulun geri qaytarılması üçün müraciət etmək lazımdır”.

Zaira Akifqızı
Globalinfo.az

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑