“MOİK-lə oyunda futbolçularım ilk hissədə verdiyim tapşırıqları yerinə yetirdilər və onların çıxışından razı qaldım. İkinci yarıda isə oyunun sürətini bir qədər aşağı salaraq əks-hücumlara bel bağladıq”.
Bu sözləri “Karvan-Yevlax”ın baş məşqçisi Ramiz Məmmədov deyib.
Təcrübəli mütəxəssis komandasının Birinci Liqanın altıcı turunda MOİK-ə məğlub olduğu (2:1) oyunu şərh edib.
“Hakimlərdən şikayətlənmək istəmirəm. Rəhim Həsənova təşəkkür edirəm. “Səbail” və “Gəncəbasar”a qarşı oyunlarda hakimlikdən o qədər də narazılıq etməmişdim. Ancaq bu qarşılaşmada bir epizod məni təəccübləndirdi. Vurduğumuz zərbə 3 metrdən rəqib futbolçunun əlinə dəydi, amma penalti təyin olunmadı. Digər tərəfdən, bizim qapımıza yaxın məsafədən, 1 metrdən top təsadüfən futbolçunun əlinə dəydikdə ədalət təmsilçisi “nöqtə”i göstərdi. Bu iki epizod arasındakı fərq bizim üçün anlaşılmaz qaldı. Matçın qırılma nöqtəsi də məhz həmin qərarlar oldu. Ondan sonra sonra futbolçular əsəbiləşdilər, oyuna köklənməkdə çətinlik çəkdilər və planlarımız alt-üst oldu. Belə məqamlar matçın gedişinə ciddi təsir göstərir. Qarşımıza qoyulan əsas məqsəd çempion olmaq və Premyer Liqaya qayıtmaqdır. Bu hədəfə çatmaq üçün mübarizəmizi davam etdirəcəyik. Planımız dəyişmir, yolumuza davam edirik”, - deyə o sport24.az-a açıqlamasında söyləyib.
Qeyd edək ki, bölgə təmsilçisi Birinci Liqada altı turdan sonra 10 xalla beşinci pillədə qərarlaşıb.





