Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi, tanınmış futbolçu Bəxtiyar Musayev 2025-ci ilin yayında AFFA-nın Texniki departamentin Skautlar şöbəsinə rəis təyin olunub.
Musayevlə işi, uşaq futbolundakı mövcud durum və milli komanda barədə söhbətləşdik:
– Bir ildir, Skautlar şöbəsində rəis kimi fəaliyyət göstərirsiniz. Son olaraq təşkil olunan “Sabahın Ulduzları” layihəsinin də mütəmadi izləyicilərindən oldunuz. Təəssüratlarınız necədir?
– “Sabahın Ulduzları” layihəsinin təşkilatçılarına təşəkkür edirəm. Həqiqətən, uğurlu layihə oldu. Hər həftə bir neçə oyun izlədim. U-15 yaş qruplarında çox yaxşı futbolçular var. Ümid edirəm ki, onlar performanslarını daha da artırarlar. Bu turnir kütləviliyi artacaq. Tribunalarda ailə dəstəyi olurdu, uşaqlar daha motivasiyalı çıxış edirdi. İnanıram ki, bu layihənin faydalarını görəcəyik. Ab-havadan, oyunlardan həzz aldım. Digər yaş kateqoriyalar üçün də belə turnirlərə ehtiyac var.
– Uşaq futbolunun ümumi mənzərəsi necədir?
– Uşaq futbolu yaralı yerimizdir. Yaş artıqda keyfiyyətli yerli oyunçu sayı azalır. Problemlər çoxdur, skautinq şöbəsindəyəm və gəncləri daim izləyirəm. Doğrudur, kəmiyyət istənilən qədər deyil, amma potensial var. Ümumi mənzərəyə baxanda, son illərdə inkişaf var. U-15-lərin futbol festivalı olacaq. Seçimlərdə iştirak edəndə gördüm ki, inkişaf var, yaxşı futbolçular üzə çıxır. Ümid edirəm ki, tendensiya digər yaş qruplarında da olar.
– Uzun illər futbolla yaxından əlaqəli olan biri kimi fikrinizi bilmək istəyirdim. Tək problem buradadır?
– Azərbaycan futbolunda problemlər az deyil. İlk növbədə futbolçu yetişməyində axsamalar var. Kimisə, nəyisə günahlandırmaq lazım deyil. Kompleks işlər görülməlidir. Federasiya, klublar birlikdə çalışmalıdırlar. Bu il keçiriləcək U-20 dünya çempionatı və U-15 festivalı futbolumuz üçün təkan olacaq.
– İllərdir danışılan problemlərin həlli nədir, nələri dəyişmək lazımdır?
– Problemləri hamı bilir. Hər bir quruma yük düşür. Əsas da futbolçular üzərlərində çox çalışmalıdırlar. Klublar akademiyalara diqqəti artırmalı, komandalarını beynəlxalq turnirlərə göndərməlidirlər. Onlar qazandıqları təcrübə sayəsində daha da inkişaf edə bilər. Eyni zamanda, məşqçilərin də təhsilinə diqqət etmək zəruridir.
– Premyer Liqada limitin ləğvi ilə bağlı narazılıq çoxdur. Bununu da milli komandaların inkişafına təsir göstərən amil olduğunu deyənlər çoxdur. Siz nə düşünürsünüz?
– Limitin ləğvi milli komandalara təsirsiz ötüşmür. Amma peşəkar olmalıyıq, futbolçular yerini limitə görə yox, oyununa görə qazanmalıdır. Təəssüf ki, azərbaycanlı futbolçular az oynayır. Yerli oyunçuların çoxu rəqabətdə əcnəbilərə uduzurlar. Bununla bağlı bütün milli komandaların məşqçiləri çətinlik çəkir. Amma nəzərə alaq ki, rəqabət inkişaf deməkdir. Legioner limitinin ləğvindən sonra çempionluğa oynayan komandalar üstünlüyü əcnəbilərə verir. Bu, klub sferasından baxanda normaldır, istəyirlər çempion olsunlar. Azərbaycanlı futbolçular tərəfindən baxanda isə neqativdir. Reallıqdır ki, yerli oyunçular isə əcnəbilərə rəqabətdə uduzur.
– Milli komanda Millətlər Liqasında qrup birincisidir. Nəticələri necə dəyərləndirirsiniz?
– Lixtenşteynlə heç-heçə çox məyusedici olmuşdu. Buna baxmayaraq, psixoloji təzyiqlərin öhdəsindən gələ bildilər. Litva üzərində qazanılan qələbə yaxşı oldu. Doğrudur, birinci pillədəyik. Amma keçirilən oyunlara baxanda, hər birini qazanmağın mümkünlüyünü də gördük. Ümumi nəticə qənaətbəxşdir.
Şahin Cəfərov
Yazı Azərbaycan Respublikası Media və Yayım Şurasının maliyyə dəstəyi ilə hazırlanıb.
Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu.




