Beynəlxalq Şahmat Federasiyası (FIDE) klassik şahmatda vaxt nəzarəti ilə bağlı reqlamentdə dəyişikliklər etməyi planlaşdırır.
İdman.Biz xəbər verir ki, FIDE Şurası hər oyunçuya partiya üçün 60 dəqiqə və hər gedişə əlavə 30 saniyə verilməsini klassik şahmatın standartlarından biri kimi təsbit etməyi təklif edir. Bu formatdan istifadə üçün təşkilatçıların müvafiq komissiyalardan ayrıca icazə almasına ehtiyac qalmayacaq.
Hər oyunçuya 45 dəqiqə və hər gedişə əlavə 30 saniyə verilməsini nəzərdə tutan formata isə iki halda avtomatik icazə verilməsi planlaşdırılır. Bunlar FIDE Circuit seriyasına daxil olan turnirlər və iştirakçıları arasında reytinqi 2400 və daha yüksək olan şahmatçının yer almadığı yarışlardır.
Beynəlxalq titul və normaların hesablandığı turnirlərdə gündə maksimum iki partiya keçirilməsi qaydası hələlik dəyişməz qalacaq. FIDE hesab edir ki, gün ərzində ikidən çox klassik partiya oynamaq oyunun keyfiyyətini aşağı salır.
Təşəbbüs FIDE Baş Assambleyasının İslandiya Şahmat Federasiyasının təklifini dəstəkləməsindən sonra gündəmə gəlib. Şura yaxın vaxtlarda 60+30 formatının statusu ilə bağlı dəyişikliyi rəsmən təsdiqləməyi nəzərdə tutur.
45+30 formatının daha geniş tətbiqi və gündə üç partiyanın keçirilməsi ehtimalı isə ictimai müzakirəyə çıxarılacaq. FIDE dəyişikliklərin tərəfdarları və əleyhdarlarının arqumentlərini dərc edəcək, milli federasiyaları və şahmatçıları müzakirəyə dəvət edəcək.
Qeyd edək ki, mübahisəli məsələlər üzrə yekun səsvermə 2026-cı ilin sonunda Baş Assambleyanın növbədənkənar onlayn iclasında keçirilə bilər.




