“Lion”un belçikalı hücumçusu Lois Openda ağır zədə alaraq uzun müddətə meydanlardan uzaq qalıb.
Futbolpress.az xəbər verir ki, keçmiş klubu “Lans”a qarşı səfər matçında forma geyinən təcrübəli forvardın incik sümüyü sınıb.
Oyunda “Lans”ın müdafiəçisi İsmaelo Qaniu ilə sərt toqquşmadan sonra ikinci hissədə meydanı ağsarayaraq tərk edən futbolçu daha sonra stadionu tərk etmək məcburiyyətində qalıb. Təcrübəli oyunçunun ən azı bir ay, növbəti beynəlxalq fasiləyə qədər forma geyinə bilməyəcəyi dəqiqləşib.
Baş verənlərdən sonra “Lion” klubu qarşılaşmanın hakim idarəçiliyinə dair sərt bəyanat yayıb:
“Openda ən azı növbəti beynəlxalq fasiləyə qədər komandaya kömək edə bilməyəcək. Bu zədə Lois Opendaya qarşı ilk dəqiqələrdən başlayan və cərimələrə baxmayaraq hakim tərəfindən yalnız bir dəfə intizam cəzası ilə nəticələnən kobudluqların məntiqi sonudur. “Lion” hücumçusuna qarşı belə rəftardan təəssüf hissi keçirir və ona lazımi mühafizənin təmin olunmadığını bildirir. Oyunçuların fiziki sağlamlığını qorumaq mütləq prioritet olmalı, hakimlər isə bunun əsas zəmanətçisi kimi çıxış etməlidirlər”.




