Azərbaycanın U-15 millisinin baş məşqçisi Famil Xəlilov Bakıda keçirilən FİFA U-15 Dünya Çempionatı və Festivalında C Divizionunda (81-96-cı yerlər uğrunda) Cəbəllütariq üzərində qazanılan 5:1 hesablı qələbəni şərh etdi.
Futbolpress.az xəbər verir ki, mütəxəssis matçdan sonra açıqlamasında komandanın psixoloji durumundan və qarşıdakı planlardan danışdı:
– Futbolçularımı təbrik edirəm. Bu matçda layiqli qələbə qazandılar. Baxmayaraq ki, günün ilk oyununda ağır məğlubiyyət almışdıq. Çiliyə məğlubiyyətdən sonra komandada psixoloji durum o qədər də ürəkaçan deyildi. Şükürlər olsun ki, bunun öhdəsindən gələ bildik. Növbəti oyuna hazırlaşdıq və qələbə qazandıq. Çili üzərində də qələbə qazanmaq istərdik, lakin alınmadı. Futbolçuların təcrübəsi çatmadı ki, bu ağır atmosferi qaldıra bilsinlər. Onların növbəti oyunlarda qələbə qazanmaqla təcrübə toplayacaqlarına inanıram. Bu futbolçulara inanmaq lazımdır. Onların potensialı imkan verir ki, gələcəkdə böyük futbolçu olsunlar.
Ayxan Zayıdzadə





