“Bavariya”nın ulduz hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasının IV turunda baş tutacaq “Atletiko” (Madrid) matçı öncəsi rəqib baş məşqçi Dieqo Simeonenin onun haqqında dediyi xoş sözlərə reaksiya verib.
Futbolpress.az xəbər verir ki, Simeonenin ingiltərəli forvardı “Qızıl top”a layiq və gənclər üçün nümunə adlandırmasına Keyn AS nəşri vasitəsilə cavab verib. İngiltərəli forvard zəhmət sayəsində bu zirvəyə ucaldığını vurğulayıb:
“O, müasir dövrün ən yaxşı məşqçilərindən biridir. Ondan belə tərif eşitmək mənim üçün böyük şərəfdir. Bu səviyyəyə məqsədyönlülük və gərgin əmək sayəsində çata bildim. Bizi çətin qarşılaşma gözləyir, lakin onun xoş sözlərini çox yüksək qiymətləndirirəm”.
Qeyd edək ki, Madriddə keçiriləcək “Atletiko” – “Bavariya” qarşılaşması noyabrın 3-də, Bakı vaxtı ilə saat 23:59-da start götürəcək.


